XƏBƏRLƏR

15.07.2017

Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2017-ci ilin birinci yarısında qeyd olunan vəzifələrin icrası diqqətdə saxlanmış, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulmuş, Arpaçay kəndində poçt bölməsi yaradılmışdır. Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat dövründə muxtar respublikada 1297 yeni telefon nömrəsi istismara verilmişdir.

Bu dövrdə 18 min 705 metr fiber-optik kabel xətti çəkilmiş, 2046 yeni abunəçi genişzolaqlı və sürətli internetlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin internet səhifəsi hazırlanmış, agentlik İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulmuşdur.

Nazirlik qeyd olunan dövrdə kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirmiş, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan 20 ümumi və 76 fərdi kompüter kursunda 248 dinləyici iştirak etmişdir. Həmçinin Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan gənclər nazirlikdə istehsalat təcrübəsi keçmişlər. Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram-layihənin seçim turu da keçirilmişdir. Muxtar respublikanın ali təhsil ocaqlarından 40 tələbənin qatıldığı pro­qram-layihə çərçivəsində komissiya üzvləri tərəfindən Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərilmək üçün 12 tələbə seçilmişdir.

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti