XƏBƏRLƏR

04.08.2016

Rabitə və Yeni Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasını rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq məruzə edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində görülən müvafiq işlər və yeni layihələr 2016-cı ilin birinci yarımilində də uğurla davam etdirilib. Hesabat dövründə nazirliyin “Huawei” şirkəti ilə bağladığı müqaviləyə əsasən, 10 ədəd yeni nəsil avtomat telefon stansiyası alınıb muxtar respublikaya gətirilib, nəzərdə tutulan yerlər üzrə qurulub. Eyni zamanda yeni alınan telefon stansiyalarının montaj tutumundan daha səmərəli istifadə olunması üçün mövcud şəbəkədə müvafiq yerdəyişmələr edilib. Ümumilikdə, 6 ay ərzində 4928 nömrətutumlu 17 ədəd yeni avtomat telefon stansiyası istismara verilib. 
Rövşən Məmmədov qeyd edib ki, muxtar respublikada qurulmasına 2015-ci ilin iyun ayından başlanılan 4-cü nəsil Naxtel 4G mobil rabitə sistemi üzrə layihənin icrası bu ilin 6 ayında da davam etdirilib. Belə ki, hesabat dövrü ərzində əlavə 37 baza stansiyasında quraşdırma işləri başa çatdırılıb və beləliklə, istismara hazır olan 4-cü nəsil mobil baza stansiyalarının sayı 96-ya çatıb. Bundan əlavə, bu ilin əvvəlindən şəbəkənin qeydiyyat və hesabat sisteminin idarə olunması üçün (ümumilikdə, Billing adlanan) əsas və ehtiyat server avadanlıqları Naxçıvana gətirilib və 13 moduldan ibarət işçi proqramların hazırlanmasına başlanılıb. Hazırda sınaq işləri həyata keçirilir.

Bəhs olunan dövrdə, ümumilikdə, 1439 ədəd yeni telefon nömrəsi istifadəyə verilib.
Yeni tikilən kənd mərkəzlərinə və istifadəyə verilən telefon stansiyalarına arabağlantı üçün 61932 metr, “Evədək optika” layihəsi üzrə isə 43 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib. 
“Əlincəqala” muzeyinin muxtar respublikanın distant təhsil sisteminə qoşulması təmin edilib.
Qeyd olunub ki, bu ilin may ayından etibarən “FİNCA” bankı ilə bağlanmış müqaviləyə əsasən, bankın müştərilərindən kredit vəsaitlərinin qəbuluna başlanıb. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılıb. 
Ötən dövrdə 2046 abunəçi genişzolaqlı internetlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə rayon təşkilatları arasında telekommunikasiya şəbəkəsi qurulub. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə yerləşən statistika işçilərinin otaqlarına 173 telefon xətti çəkilib, faks aparatları ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının müdafiəsi üzrə elektron məlumat bankı hazırlanaraq bu məqsədlə alınmış serverə yerləşdirilib. 
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Turizm İnformasiya Mərkəzinin Azərbaycan, rus, ingilis dillərində (turizm.nakhchivan.az) internet saytı yenidən yığılıb. 76 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilərək keçidlər verilib. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunub. 
Vurğulanıb ki, Naxçıvan televiziyasının internetdə canlı yayımının təşkili üçün server avadanlığı qurulub, xüsusi proqram təminatı və arxiv sistemi hazırlanıb, internet saytı yaradılıb, HD yayım üçün avadanlıq sifariş verilib. 
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə polis şöbələri arasında telekommunikasiya şəbəkəsi qurulub.
Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri hazırlanaraq istismara verilib. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulub, mərkəzi server avadanlıqları alınıb və müvafiq proqram təminatı hazırlanıb, 80 təşkilatın sistemə qoşulması təmin edilib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə birlikdə “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çin Xalq Respublikasının Şenjen şəhərindəki “Huawei” şirkətinin Yay Təlim Mərkəzində iyun ayının 10-27 tarixləri arasında istehsalat təcrübəsi keçib”, – deyən nazir onu da bildirib ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində “Kanal 35” televiziyasında “Ali məktəblərə qəbul imtahanlarına kömək”, riyaziyyat və kimya fənlərinin tədrisi proqramları efirə vəsiqə alıb. 
İclasda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin rəisi Vaqif Səfərovun, Telekommunikasiya şöbəsinin rəisi Vidadi Naibovun, Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsinin rəisi Azər Seyidovun, “Naxçıvanpoçt” MMC-nin direktoru İlqar Sadiqovun, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin rəis əvəzi Elşən Fətullayevin, Şərur Rayon Rabitə İdarəsinin rəisi Ərəstun Hüseynovun və Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Əli Mikayılovun çıxışları olub.
İclasa rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.

 

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti