XƏBƏRLƏR

17.01.2017

2016-cı ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

“2016-cı il muxtar respublikada müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması ba­xımından xeyli zəngin olub. Belə ki, 2015-ci ilin iyun ayından etibarən qurulmasına başlanan 4-cü nəsil mobil rabitə sistemi üzrə layihənin icrası davam etdirilib, bu müddətdə muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən 98 baza stansiyası, fiber-optik əsaslı arabağlantı şəbəkəsi və mərkəzi idarəetmə sistemi qurulub, “Naxtel”in qeydiyyat və hesabat sistemi üçün əsas və ehtiyat server avadanlıqları, proqram təminatı hazırlanıb, zəruri olan müştəri xidmətləri mərkəzləri, məlumat sorğu və digər xidmətlər yaradılıb, bu rabitə növünün mobil data imkanlarından istifadə olunaraq avtomobillər üçün GPS izləmə sistemi qurulub. İstifadəçilərin bütün məlumatları və xidmətləri əldə edə biləcəyi 3 dildə naxtel.az domen adlı internet saytı hazırlanıb, ötən il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və bir çox xarici qonaqların iştirakı ilə Naxtel 4G mobil rabitə şəbəkəsi istifadəyə verilib”. Bu fikirlər Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.

2016-cı ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edən rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, nazirlik və “Huawei” şirkəti arasında bağlanan iki müqavilə üzrə 23 yeni nəsil avtomat telefon stansiyası alınıb muxtar respublikaya gətirilib və təyin olunan məntəqələrdə qurulub.
Ümumilikdə, il ərzində yeni istifadəyə verilən avtomat telefon stansiyalarının sayı 28 ədəd olub. Bunlardan 6-sı əvvəllər “Karel” tipli olub və ötən il yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilib. Hazırda muxtar respublika üzrə telefon istifadəçilərinin 70 faizinə yeni nəsil telefon stansiyaları vasitəsilə xidmət edilir.
Vurğulanıb ki, il ərzində məftilli və mobil olmaqla, 10648 yeni telefon nömrəsi istifadəyə verilib. Bura 2017-ci ilin yanvar ayının 1-dək vətəndaşlar tərəfindən əldə edilmiş 7632 ədəd Naxtel 4G nömrələri də daxildir.
Diqqətə çatdırılıb ki, “Evədək optika” layihəsi üzrə işlər davam etdirilib, fərdi mənzillərlə yanaşı, 10 çoxmənzilli binada yaşayan sakinlər üçün GPON adlanan optik şəbəkə xidmətləri infra­strukturu yaradılıb.
İl ərzində muxtar respublika İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən şəhər və rayon avtomat telefon stansiyalarında 38 ədəd DSLAM avadanlığı qurulmaqla 5181 abunəçiyə genişzolaqlı internet xidməti təqdim edilib.
Muxtar respublikanın təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təmin edilməsi ilə bağlı verilən tapşırığa uyğun olaraq, 19 tam orta məktəb, Naxçıvan Texniki Kolleci və Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyi kompüter avadanlıqları, optik arabağlantı və sürətli internetlə təmin olunub.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılıb. 
Bildirilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanaraq istismara verilib, 81 təşkilat bu sistemə qoşulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq nazirliyin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə “Gələcəyin İKT sahəsindəki toxumları” adlı pro­qram-layihə həyata keçirilib, layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çin Xalq Respublikasının Şenjen şəhərindəki “Huawei” şirkətinin Yay Təlim Mərkəzində istehsalat təcrübəsi keçib.
Vurğulanıb ki, “Türk Telekom”la bağlanmış müqavilələr əsasında Türkiyə istiqamətindən ikinci fiber-optik kabel xətti çəkilərək alternativ optik kabel magistralına qoşulması təmin edilib, əlavə olaraq “Türk Telekom”dan 4Giqabit/s sürətli sinxron internet trafiki alınaraq muxtar respublikaya daxil olan internet trafikinin həcmi saniyədə 8Gb çatdırılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 99 faizində simsiz internet xidmətləri göstərilir.
Bildirilib ki, 2016-cı ildə nöqsanlara da yol verilib. Belə ki, bəzi müəssisələrdə nəzarət mexanizminin düzgün qurulmaması işçilər arasında məsuliyyətsiz hərəkətlərə yol verilməsinə zəmin yaradıb. Məsul şəxslər rəhbərlik etdikləri sahələrdə nizam-intizamın möhkəmləndirilməsinə ciddi yanaşmalı, görülən işlərin keyfiyyətlə və normativə uyğun icra olunmasına diqqəti artırmalıdırlar.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda qeyd edilib ki, digər sahələr kimi, muxtar respublikanın rabitə infrastrukturu da hərtərəfli dövlət qayğısı əhatəsindədir. Bu qayğının ifadəsidir ki, Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunur, əhalinin bu texnologiyalardan səmərəli istifadəsinə şərait yaradılır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi, nazirliyin tabeli təşkilatları 2016-cı ildə buraxılan nöqsanları qısa müddətdə aradan qaldırmağa səy göstərəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bütün qüvvələrini səfərbər edəcəkdir.

 

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti