İKT XƏBƏRLƏR

  27.05.2017

Nazirlik e-hökumətlə bağlı təlimlərə başladı

    

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə başlanıb.

Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilir.

3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq nəzərdə tutulmuşdur.

Ölkənin 13 regionunu əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Təlimlərdə Gənclər Təşkilatları Milli Şurası və Gənc Sahibkarlar Şəbəkəsinin üzv təşkilatlarının və şəxslərin aktiv iştirakı gözlənilir.

Hər bir təlim qrupu 4 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:

-   www.e-gov.az portalı haqqında giriş;

-  E-imza istifadəsinin texniki və hüquqi aspektləri;

-  Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti;

-   Vergilər sahəsi üzrə e-xidmətlər;

-  Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər;

- Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçə bilərlər.


 
 


Mənbə: Azərbaycan Respublikası RYTN