ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

06.12.2014

Muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı diqqət mərkəzindədir

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişaf mərhələsinin əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Bu dövrdən başlayaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində rabitə sahəsinin inkişafına hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndərin diqqət və qayğısı nəticəsində rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasında, ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alim və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıqlar istehsal edən zavodlar tikilərək istifadəyə verilmiş, elmi-tədqiqat müəssisələri yaradılmışdır.

 Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə də rabitə sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş, 2003-cü ildə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.

Bu gün rabitə və yeni texnologiyaların inkişafını prioritet məsələlərdən biri kimi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər həyata keçirilən dövlət pro­qramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlər öz həllini tapmışdır. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırmış, həmin il fevral ayının 8-də ölkəmizin ilk milli telekommunikasiya peyki orbitə göndərilmişdir. Bununla da, Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrilmiş və kosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atılmışdır.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi sürətləndirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə mühüm şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Bununla yanaşı, daxili telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə 2013-cü ilin mart ayından etibarən 242 km uzunluğunda Ordubad-Sədərək fiber-optik magistralının tikintisinə başlanılmış və bu il başa çatdırılmışdır.
Muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan koordinattipli ATS-lər müasir tələblərə cavab verən elektrontipli ATS-lərlə əvəz olunmuşdur. Nəticədə, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir.
Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi diqqət mərkəzində saxlanılmış, nəzərdə tutulan 4 mərhələnin 3-ü artıq başa çatdırılmışdır. 2010-cu ildə Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, 2012-ci ildə Şərur və Sədərək rayonlarını, 2014-cü il fevral ayının 11-də isə Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən avadanlıqlar istifadəyə verilmişdir. Hazır­da istifadə olunan avtomat telefon stansiyalarının 80-i yeni nəsil texnologiyalara əsaslanır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 512 kb/san-dən 10 gb/san-dək artırılmışdır. Hazır­da muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 93 faizində isə simsiz internet xidmətləri göstərilir.
2004-cü ildən etibarən muxtar respublikada 120 poçt bölməsi, 121 avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 75-i yeni fəaliyyətə başlamış, avtomat telefon stansiyalarından isə 95-i yeni istifadəyə verilmişdir. Son 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni obyektlərin istifadəyə verilməsi ilə 209 iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə xüsusi diqqət yetirilir. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası məqsədilə dövlət orqanlarının göstərəcəyi elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, reyestr kodları verilmiş və internet saytlarında yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 82 dövlət orqanına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə xidmətləri və genişzolaqlı internet xidməti haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda onlayn qeydiyyatdan keçməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilindən ibarətdir. Artıq 2012-ci ilin mart ayından etibarən muxtar respublikada rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Hazırda yaşayış ərazilərinin 100 faizində rəqəmsal yayım təşkil edilmişdir. Bundan əlavə, muxtar respublika ərazisində IP televiziyanın yayımı təşkil edilərək sakinlərə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Naxçıvanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Layihəyə uyğun olaraq, muxtar respublikada 105 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təchiz edilmişdir. Ötən ildən muxtar respublikada kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Bundan əlavə, şəhər, rayon poçt şöbə və bölmələrində kommunal xidmət haqlarının plastik kartlar vasitəsilə ödənişi üçün POS-terminal avadanlıqları qoyulmuşdur.
Bu ilin əvvəlindən muxtar respublikada “Elektron imza”nın tətbiqinə də başlanılmışdır. Bunun üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında Elektron İmzanın Sertifikat Mərkəzi yaradılmış, lazımi texniki avadanlıqlarla təmin edilmişdir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması məqsədilə fiber-optik telekommunikasiya şəbəkəsi genişləndirilmiş, elektron xidmət göstərəcək dövlət orqanlarına fiber-optik kabel xətləri çəkilmişdir. Hazırda muxtar respublika üzrə fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1000 kilometrdən artıqdır.
Yeni texnologiyaların tətbiqi təhsil sistemində müasir metodlardan istifadəyə də zəmin yaratmışdır. Xüsusilə də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması istiqamətində bu imkanlardan geniş istifadə olunur. Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud olanlar üçün audiokitabxana, eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxanalar yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Bu da müvafiq kateqoriyadan olan gənclərin təhsilə cəlbində mühüm əhəmiyyətə malik olmuşdur. Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün məktəbə və muzeylərə optik kabel xətləri çəkilmiş, server qoyulmuş, lazımi pro­qram təminatı və infrastruktur qurulmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin internet saytında “E-təhsil” bölməsi yaradılmışdır. 2014-cü il sentyabr ayının 15-dən etibarən ümumtəhsil məktəbləri və muzeylərin iştirakı ilə müştərək distant dərslərin keçilməsinə başlanmışdır.­

Peşə bayramlarını qeyd edən muxtar respublikanın rabitə və yeni texnologiyalar sahəsi işçiləri bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi istiqamətində səylə çalışacaqlar.

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ