ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

28.02.2014

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının son 10 ili

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Nazirliyin yaradılması bu sahənin gələcək inkişafı, vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından mühüm əhəmiyyətə malik olmuş, qısa müddət ərzində muxtar respublikada rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsinə yüksəlmişdir.

Ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və  möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin müsbət nəticələri  bütün sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində də hər an özünü büruzə verir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infra­strukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.

Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər həyata keçirilən Dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış və  2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırmışdır.

2013-cü ilin fevral ayının 8-də ölkəmizin ilk milli telekommunikasiya peykinin  orbitə göndərilməsi ilə Azərbaycan  dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildi və kosmik sənayenin  inkişafı istiqamətində uğurlu işlərə imza atdı.

Dövlət başçısı bu münasibətlə Azərbaycan xalqını təbrik edərək demişdir: “Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq”.

“Azərspace-1” peykinin orbitə buraxılması ilə muxtar respublikamızın ərazisində də keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli internet xidmətlərin göstərilməsi təmin olunacaq, giriş-çıxış telekommunikasiya kanallarının üçüncü alternativi yaranacaq, məsafədən təhsil və elektron səhiyyə kimi proqramlar üçün platforma yaradılacaqdır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyklərin idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan ərazisində yaradılması isə muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

         Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə mühüm şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Bununla yanaşı, daxili telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə 2013-cü ilin mart ayından etibarən Ordubad-Sədərək arası fiber-optik magistralın tikintisinə başlanılmış, cari ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulmuşdur.

Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi diqqət mərkəzində saxlanılmış, nəzərdə tutulan 4 mərhələnin 3-ü artıq başa çatdırılmışdır. Birinci mərhələ 2010-cu ilin may ayının 19-da Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, ikinci mərhələ 2012-ci il mart ayının 19-da Şərur və Sədərək rayonlarını,  üçüncü mərhələ isə 2014-cü il fevral ayının 11-də Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmişdir. Muxtar respublikanın telekommunikasiya şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda istifadə olunan avtomat telefon stansiyalarının 80-i Yeni Nəsil Texnologiyalar təşkil edir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompyuterlərin 84 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 91 faizində genişzolaqlı internet, 90 faizində isə simsiz internet xidmətləri göstərilir. Muxtarv respublikaya daxil olan internet kanalının sürəti 512 kb/san-dən    1 gb/san-dək artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən demişdir ki: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rabitə sahəsini də əhatə etmiş, cari ilin fevral ayının 11-də Şahbuz rayon Rabitə evi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, şəhər və rayon rabitə idarələri müasir inzibati binalarda fəaliyyət göstərir. 2004-cü ildən etibarən muxtar respublikada 114 poçt bölməsi, 115 avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 72-i yeni fəaliyyətə başlamış, avtomat telefon stansiyalardan isə 90-ı yeni istifadəyə verilmişdir. Son 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni obyektlərin istifadəyə verilməsi ilə 149 yeni iş yeri açılmış, yeni elektrontipli avtomat telefon stansiyalarının və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının yaradılması ilə 29 min 563 yeni telefon nömrəsi istismara verilmişdir. 1 yanvar 2014-cü il tarixə muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 67-yə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, ayrı-ayrı sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, dövlət orqanlarının göstərəcəyi elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, reyestr kodları verilmiş və internet saytlarında yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə xidmətləri və genişzolaqlı internet xidmət haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda online qeydiyyatdan keçməsi üçün İAMAS sisteminə qoşulma və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.

Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilindən ibarətdir. Artıq 2012-ci ilin mart ayından etibarən Naxçıvanda rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 75 faizində rəqəmsal yayım təşkil edilmişdir. Cari ilin ikinci yarısına kimi bütün yaşayış məntəqələrinin rəqəmsal yayımla təmin edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, muxtar respublika ərazisində İP televiziyanın yayımı təşkil edilərək sakinlərə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaratmışdır.

Muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə edir. Naxçıvanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Layihəyə uyğun olaraq muxtar respublikada 105  poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təhciz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına nazirlikdə kurslar təşkil edilmişdir. Ötən ildən muxtar respublikada kommunal xidmət (elektrik, qaz və su) haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Bundan əlavə şəhər, rayon mərkəzi poçt şöbələrində kommunal xidmət haqlarının plastik kartları vasitəsilə ödənişi üçün 10 ədəd pos-terminal qurulmuşdur.

Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən tədbirlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə məhdudlaşmır. Poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Həmin sərəncama əsasən, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilmiş, onun rayon filiallarının işinin təşkili üçün müvafiq hüquqi işlər yerinə yetirilmişdir. Ötən ilin noyabr ayından  “Naxçıvanpoçt” MMC tam olaraq fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, muxtar respublikada sakinlərə nümunəvi xidmət göstərəcəkdir.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ