ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

24.04.2013

 

Beynəlxalq Telekommunikasiya İttifaqı Naxçıvanda seminar keçirir

“Duzdağ” hotelində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən “Beynəlxalq standartlara uyğun olaraq, elektrorabitə informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda üçgünlük seminara start verilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar. 10 ölkədən 50 nümayəndənin qatıldığı seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açıb. Nazir bildirib ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və Regional Rabitə Birliyinin üzvü kimi rabitə sahəsində bir çox nailiyyətlər əldə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarını prioritet sahə elan etməsi bu sahənin hərtərəfli inkişafına münbit şərait yaradıb. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilib.

İnformasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda inkişafını xarakterizə edən bir neçə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıran Rövşən Məmmədov deyib ki, son 10 ildə informasiya-kommunikasiya texnologiyaları sektoruna 2,5 milyard dollar investisiya qoyulub. Bütün yaşayış məntəqələri telefonlaşdırılıb, telefon şəbəkəsi tamamilə elektronlaşdırılıb. Qeyd olunub ki, son 17 ildə muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib. 2005-2008-ci illərdə Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafı Dövlət Proqramına uyğun olaraq, muxtar respublikanın telekommunikasiya şəbəkəsinin Trans-Asiya-Avropa magistralının üzərindən təşkil edilməsi başa çatdırılıb. Bu məqsədlə muxtar respublikanın ərazisində sərhəddən Türkiyəyədək 134 kilometr uzunluğunda fiber-optik magistral xətti tikilib və nəticədə, virtual İpək Yolunun bu seqmentinin tranzit imkanları yaranıb. Hazırda “Elektron Azərbaycan” Dövlət Proqramına uyğun olaraq bütün şəhər, rayon mərkəzləri, qəsəbələr və kəndlər arasındakı telekommunikasiya əlaqəsi optik kabellər vasitəsilə həyata keçirilir.

Naxçıvanın bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Telefon stansiyalarının 60 faizi üçüncü nəsil avadanlıqlarının payına düşür. Muxtar respublikada 4 mobil operator fəaliyyət göstərir. 430 min abonent mobil şəbəkədən istifadə edir. Yaşayış məntəqələrinin 65 faizində genişzolaqlı internet xidmətləri göstərilir. 2007-ci ildən CDMA texnologiyası ilə işləyən simsiz internet avadanlığı istifadəyə verilib. Bu da əsas yaşayış məntəqələrinin 80 faizini əhatə edir. Ötən ildən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin həyata keçirilməsinə başlanılıb. Statistik məlumata görə, Naxçıvan Muxtar Respublikasında hər min nəfərə 229 kompyuter düşür, internet istifadəçilərinin sayı 344 mindən artıqdır ki, bu da təxminən əhalinin 80 faizi deməkdir.

Sonra Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Birliyinin icraiyyə komitəsinin rabitə sahəsi üzrə Baş direktorunun müavini Natalya Zoryanın, Beynəlxalq Telekommunikasiya İttifaqının regional bölməsi üzrə MDB ölkələri üçün proqram rəhbəri Andrey Untilanın, həmin ittifaqın informasiya-kommunikasiya texnologiyaları üzrə Statistik göstəricilər və informasiyalar şöbəsinin rəhbəri Syuzan Telçerin, bu sahə üzrə analitik İvan Valyexonun, Gürcüstan Respublikasının informasiya və analiz üzrə milli komissiyasının departamentinin sədri Rati Şirtladzenin məruzələri dinlənilib. Məruzələrdə informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyasının əsas qrupları, onların müəyyənləşdirilməsi və metodologiya məsələləri, informasiya-kommunikasiya texnologiyalarının beynəlxalq səviyyədə inkişafı üzrə məlumatların yayılması və vahid şəklə salınması problemləri, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud statistik məlumatların milli koordinasiyası və digər məsələlər müzakirə obyekti olub.
Qeyd edək ki, seminar aprelin 26-dək davam edəcək. Aprelin 26-da isə Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Birliyinin rabitə iqtisadiyyatı komissiyasının 31-ci iclası keçiriləcək.

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ