ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

25.07.2012

 

Rabitəçilər birinci yarımilə uğurla yekun vurublar

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün muxtar respublikada uğurla davam etdirilir.  Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu quruma göstərilən hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərir.

Kollegiyada Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ona tabe müəssisələr üzrə 2012-ci ilin birinci yarısında bütün sahələrdə görülmüş işlər barədə çıxışlar dinlənilmişdir.

Qeyd olunmuşdur ki, 2012-ci ilin birinci yarısında nazirliyin tarif gəliri ƏDV-siz 2.908.360 manat  olmuş,  ötən ilin müvafiq dövrü ilə müqayisədə 315.516 manat artıq  gəlir əldə edilmişdir.

Hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər davam etdirilmiş, Şərur rayonunun Püsyan, Alışar, Zeyvə, Tumaslı, Babək rayonunun Şıxmahmud, Yarımca, Məmmədrzadizə, Şahbuz rayonunun Şahbuzkənd, Kəngərli rayonunun Yurdçu kənd avtomat telefon stansiyalarının arabağlantıları fiber-optik kabel xətləri ilə təmin olunmuşdur. Babək rayonunun Payız və Aşağı Buzqov kəndləri arasında 15 kilometr məsafədə fiber-optik xəttin tikintisi başa çatdırılmışdır. Şərur rayonunun Oğlanqala, Yaycı və Gümüşlü kəndlərinə 11 kilometr uzunluğunda optik kabel xətlərinin çəkilişi davam etdirilir. Bu işlərin yerinə yetirilməsi üçün cari ilin 6 ayı ərzində ümumilikdə 64 min 105 metr fiber-optik kabel istifadə olunmuşdur.

Bildirilmişdir ki, cari ilin mart ayının 19-da Şərur və Sədərək rayonlarını əhatə edən  Yeni Nəsil Telekommunikasiya Sistemi və Şərur şəhərində yeni Rabitə evi istifadəyə verilmişdir. Rabitə evində işçilər üçün bütün infrastruktur yaradılmış, xidmət sahələri tamamilə kompyuterləşdirilmişdir. Bunun üçün binada kompyuter şəbəkəsi qurulmuş, bütün şəbəkənin vahid mərkəzdən idarə edilməsi təmin olunmuşdur. Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi 15 min 904 abunəçi tutumlu, 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarətdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Şahbuz rayonunun Şahbuzkəndində 192 nömrəlik, Babək rayonunun Məmmədrzadizə kəndində isə 224 nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmişdir. Bundan əlavə, Babək rayonunun Yarımca kəndində 384 nömrəlik, Kəngərli rayonunun Yurdçu kəndində 144 nömrəlik, Şərur rayonunun Zeyvə kəndində 480 nömrəlik yeni avtomat telefon stansiyaları yaradılmışdır. Culfa rayonunun Xanəgah və Ordubad rayonunun Sabirkənd yaşayış məntəqələrinin hər birində 192 nömrə artım üçün əlavə avadanlıq yerləşdirilmişdir. Yeni avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində 1299 ədəd yeni telefon nömrəsi istismara verilmişdir.

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının  elektron  xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 icra hakimiyyəti orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.

Həmin fərmanın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 33 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün  reyestr kodları verilmiş, elektron xidmətlər haqqında məlumatlar həmin orqanların internet saytlarında yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi ilə əlaqədar Tədbirlər Planının 10-cu bəndində nəzərdə tutulan “Naxçıvanda ilkin şəhər mədəniyyəti” mövzusunda www.qedim.nakhchivan.az internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.

Qeyd olunmuşdur ki, Şərur və Sədərək rayonlarında, Babək rayonunun Cəhri, Şıxmahmud, Zeynəddin, Ordubad rayonunun Vənənd, Şəhriyar, Nüsnüs, Əndəmic, Gənzə, Biləv, Culfa rayonunun Yaycı, Əbrəqunus, Göydərə, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Şahbuz rayonunun Qarababa, Keçili kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün DSLAM avadanlıqları quraşdırılmışdır.

Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində “Billinq” sistemi yaradılmış, internet kartları hazırlanaraq satışa buraxılmışdır.

Nazirliyin ünvanına 6 ay ərzində 100 min 506 kiloqram çəkidə poçt göndərişi və bağlama daxil olmuşdur. Cari ilin ilk altı ayında pul baratlarının ödənişi 4 milyon 378 min 647 manat, qəbulu 3 milyon 41 min 61 manat təşkil etmişdir. Maniqramlardan yığılan rüsum 84 min 54 manat olmuşdur.

Kollegiya iclasında o da qeyd olunmuşdur ki, nazirlik tərəfindən Bəhruz Kəngərlinin 120, Hüseyn Cavidin 130 illik yubileylərinə həsr edilmiş poçt markası və zərfi hazır­lanmışdır. Bundan əlavə, Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr edilmiş poçt markası və zərfinin eskizləri hazır­lanaraq sifariş verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında 20 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 4-cü bəndində nəzərdə tutulan vəzifələrin icrası təmin olunmuşdur.

Cari ilin fevral ayının 5-dən etibarən rəqəmsal televiziyanın test yayımına başlanılmış, muxtar respublikanın əsas yaşayış ərazilərinin təxminən 60 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı  təmin edilmişdir.

“Kanal 35” televiziyasında yayımlanacaq “Milli mətbəx” verilişi üçün çəkiliş otağı ayrılaraq verilişə uyğun dizaynda təmir olunmuş, veriliş üçün mətbəx avadanlıqları alınmış, ilk sınaq çəkilişi aparılmışdır.

Aprel ayının 1-dən etibarən “Araz” radiosuna efirdə yayımlanması üçün 94.0 FM tezliyi verilmiş, Duzdağ Radio Televiziya Verici Stansiyasında 1 kilovoltluq ötürücü quraşdırılmışdır.

“Azərkosmos” ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi üçün Culfa rayonunun Nəhəcir kəndi ərazisində torpaq sahəsi ayrılmış, hazırda mərkəz üçün binanın tikintisi həyata keçirilir. İdarəetmə mərkəzinə 14 kilometr məsafədə çəkilən fiber-optik kabel xəttinin tikintisi başa çatmaq üzrədir.

Kollegiyada birinci yarımildə buraxılan nöqsanlardan da danışılmış, onların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanmışdır.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

Kollegiya iclasına yekun vuran Rövşən Məmmədov hesabat dövrü ərzində nəzərdə tutulan işlərin yerinə yetirildiyini qeyd etmiş və bildirmişdir ki, 24 iyul 2012-ci il tarixdə keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasının qarşıya qoyduğu vəzifələri nazirlik gələcək fəaliyyətində rəhbər tutacaqdır.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ