ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

28.02.2012

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 8 il ötür

Bu gün Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranması günüdür. Muxtar respublikamız hərtərəfli inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin 28 fevral 2004-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi ləğv edilmiş və onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ötən səkkiz il ərzində muxtar respublika üçün mühüm əhəmiyyəti olan bir sıra layihələrin həyata keçirilməsinə nail olunmuşdur.

Ötən müddət ərzində Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Şərur rayonunun Tənənəm, Cəlilkənd, Aralıq, Axura, Vərməziyar, Qarxun, Aşağı Yaycı, Zeyvə, Oğuz, Tumaslı, Aşağı Daşarx, Yuxarı Daşarx, Yengicə, Maxta, Mahmudkənd, Kərimbəyli, Çomaxtur, Siyaqut, Düdəngə, Culfa rayonunun Yaycı, Bənəniyar, Göydərə, Əbrəqunus, Ərəfsə, Ərəzin, Xanəgah, Nəhəcir, Ordubad rayonunun Düylün, Sabirkənd, Biləv, Bist, Kotam, Gənzə, Şahbuz rayonun Biçənək, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qqışlaq, Külüs, Keçili, Şada, Badamlı kənd və Badamlı qəsəbə, Kül Babək rayonunun Cəhri, Vayxır, Şıxmahmud, Zeynəddin, Məmmədrza Dizə, Sirab, Uzunoba, Nəzərəbad, Didivar, Kəngərli rayonunun Böyükdüz, Şaxtaxtı, Təzəkənd, Yeni Kərki, Qarabağlar, Qabıllı kəndlərində, Sədərək rayonun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrində fəaliyyət göstərən poçt bölmələri və avtomat telefon stansiyaları yeni binalara köçürülmüş, rabitə və informasiya texnologiyaları nazirliyinin və Naxçıvan şəhər rabitə idarəsinin inzibati binaları, xidmət sahələri, Naxçıvan şəhər rabitə idarəsinin texniki binası müasir standartlara uyğun təmir edilib rabitəçilərin və əhalinin istifadəsinə verilmişdir. Ümumilikdə 87 poçt bölməsi, 65 avtomat telefon stansiyası yeni binaya köçürülərək istifadəyə verlimişdir. Poçt bölmələrindən 36-sı yeni açılmış, avtomat telefon stansiyalarda isə 53-ü yeni qurulmuşdur. Yeni obyektlərinin istifadəyə verilməsi ilə son 8 il ərzində 149 iş yeri açılmışdır.

2004-2011-cu illər ərzində aparılan quruculuq tədbirləri sayəsində muxtar respublikada yeni elektron tipli avtomat telefon stansiyaların və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 25 228 yeni telefon nömrəsi istismara verilmişdir. Hazırda muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 65 çatdırılmışdır.

“Bakcell” və “Azerfon” mobil operatorlarına muxtar respublika ərazisində fəaliyyət göstərmələri üçün lisenziya verilmişdir. Hazırda muxtar respublika ərazisində 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi ümumi yaşayış ərazilərimizin 90 faizini əhatə edən mobil rabitə 422 680 mobil telefon istifadəçisinə xidmət göstərir.

2004-cü il 14 iyun tarixində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35 illiyi münasibəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində “Kanal-35” televiziyası fəaliyyətə başlamışdır. Ötən müddət ərzində “Kanal-35” televiziyasının maddi texniki bazası daha da təkmilləşdirilmiş, yeni avadanlıqlar alınmış, tərcümə studiyası yaradılaraq efirə verilən elmi və sənədli filmlərin Azərbaycan dilinə tərcüməsi təmin edilmiş, virtual tədris studiyası fəaliyyətə başlamışdır. Hazırda muxtar respublikada 9 televiziya və 9 radio proqramı efirdə yayımı təmin edilir.

Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədi ilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən STM-16 səviyyəli rabitə kanalları yaradılmış, bundan əlavə Naxçıvan–İran–Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılmışdır.

Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış və onun üzərindən Vayxır, Məzrə, Kərimbəyli, Cəhri avtomat telefon stansiyaları optik arabağlantılarla təmin edilmişdir. Hazırda muxtar respublikada istismar olunan 104 ATS-in 83-ü və ya 80 faizi optik arabağlantılarla mərkəzi stansiyalara qoşulmuşdur.

2009-2011-ci illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə, Səhiyyə Nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və onların struktur idarələrini əhatə edən korporativ kompüter şəbəkəsi layihələndirilmiş və istismara verilmişdir. Bundan əlavə Muxtar Respublikanın Maliyyə, Vergilər nazirlikləri, DSMF, Mərkəzi Bank, Dövlət Gömrük və Statistika komitələrini əhatə edən elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün “Mail Server” işə salınmış, Naxçıvan Beynəlxalq Hava Limanının və Türk Hava Yolları Naxçıvan nümayəndəliyinin online bilet satışı və sərnişinlərin qeydiyyatı sisteminin işləməsi üçün Naxçıvan Hava Limanında lokal şəbəkənin quraşdırılması və optik kabel üzərindən sürətli internetin verilməsi təmin edilmişdir.

Gömrük Komitəsi, Baytarlıq xidməti, Sanitar-Karantin xidməti və GEM-nə fiziki xətt üzərindən sürətli ethernet şəbəkəsi qurulmuşdur. Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı vasitəsilə sürətli genişzolaqlı internet xidməti istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ilə Sədərək Gömrük İdarəsi, Naxçıvan Beynəlxalq Hava Limanı, Şaxtaxtı Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi arasında daxili kompyuter şəbəkə infrasturukturu yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyindəki strukturlar arasında müasir telekommunikasiya şəbəkəsi qurulmuşdur. Bütün bunlar isə Elektron hökümət və informasiya cəmiyyəti quruculuğunun əsasını təşkil edir.

Müasir informasiya texnologiyalarının tədbiqinin nəticəsində Naxçıvan şəhərində keçirilən “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun açılış mərasiminin internet üzərindən canlı yayımı təmin edilmişdir.

Prezident, parlement və bələdiyyə seçkiləri keçirilən dairə və məntəqələr telefonlaşdırılmış, 25 seçki məntəqəsində qurulan müşahidə kameralardan görüntülərin internet üzərindən izlənilməsi təmin edilmişdir.

2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən, ən müasir 3G xidmətini dəstəkləyən Yeni Nəsil Telekommunikasiya (NGN ) sistemi istifadəyə verilmişdir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq hazırda Şərur və Sədərk rayonları ərazisində mövcud olan avtomat telefon stansiyaları Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin birinci rübü ərzində sistemin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Şərur şəhrində müasirtipli, zirzəmisi ilə birlikdə 4 mərtəbəli “Rabitə evi”nin tikintisi başa çatdırılmışdır. NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə çoxlu sayda servis xidmətlərindən istifadə etmək imkanı verir.

Naxçıvan Muxtar Respublikasının ümumistifadəli telefon sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud nömrə resurslarının artırılması məqsədilə 01 noyabr 2011-ci il tarixdən muxtar respublikanın rayonları və “Naxtel”in stasionar şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir.

Muxtar respublikaya daxil olan internet kanalının sürəti 4 mb/saniyədən 512 mb/saniyəyə çatdırılmış, Bakı şəhərindən və Türkiyə Respublikasından daxil olan internet kanallarının alternativliyi təmin edilmişdir. Orta ümumtəhsil məktəblərində istifadəyə verilən kompüterlərin 81,7 faizinin internetə çıxışı təmin edilmişdir. 2010-2011-ci illərdə internet xidmətlərini tarifləri kartlar üzrə 50-70%, ADSL xidmətləri üzrə 12-14 dəfə aşağı salınmışdır.

2010-cu ilin iyul ayında başlayaraq “Xalq Kompüter”i layihəsinin 2-ci mərhələsinə start verilmişdir. Carı ilin yanvar ayının 1-nə kimi layihə çərçivəsində 1430 ədəd kompüter güzəştli şərtlərlə əhaliyə satılmışdır.

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010-2012-ci illəri əhatə edən növbəti mərhələ üçün yeni Dövlət Proqramı qəbul edilmişdir. Hazırda Dövlət Proqramında muxtar respublikaya aid edilən vəzifələr həyata keçirilir. Dövlət Proqramında informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-hökumət, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin, rəqəmsal yaymın təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi məsələləri durur.

Elektron hökumətin formalaşması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-cu il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili haqqında” 23-lV FR nömrəli Fərmanı bu istiqamətdə işləri daha da sürətləndirmişdir. Fərmanın müvafiq bəndlərinin icrası üçün metodiki vəsat hazırlanmış, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə kurslar təşkil edilmiş, 71 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilməklə, web səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.

Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanmış “Maliyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq muxtar respublikada 70 poçt şöbə və bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurluması başa çatdırılmışdır.

DVB-T standartında rəqəmsal televiziya yayımının muxtar respublika ərazisində təşkilinə dair “B&B TV Komminikeyşn” MMC ilə əməkdaşlıq müqaviləsi imzalanmış və Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Şurası tərəfindən rəqəmsal televiziya yaymı üçün lisenziya verilmişdir. Cari ilin fevral ayının 1-dən başlayaraq rəqəmsal teviziyanın test yaymına başlanılmışdır.

Yeni xidmətlərin istifadəyə verilməsi, mövcud stansiyaların nömrə tutumunun artırılması, operatorlarla arabağlantı məsələlərinin həll edilməsi, optik kanalların icarəyə verilməsi nəticəsində 2004-cü illə müqayisədə gəlirlər 2,9 dəfə, pul baratlarının mübadiləsi 7,4 dəfə, poçt bağlamalarının mübadiləsi isə 12 dəfə artmışdır.

Bu müddət ərzində səmərəli fəaliyyətinə görə 6 nəfər “Əməkdar mühəndis”, iki nəfər “Əməkdar dövlət qulluqçusu”, bir nəfər Prezident təqaüdçüsü, bir nəfər “Dövlət qulluğunda fərqələnməyə görə” medalı və səkkiz nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Müasir həyatımızı informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək çətin məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov bununla əlaqədar demişdir: “Rabitə sistemindəki bu inkişaf sevindirici haldır, lakin son hədd də deyildir. İnkişaf daim irəli getməyi, yeniliklər daim onları tətbiq etməyi tələb edir. Bu sahədə yeniliklər tətbiq olunmadan inkişafdan danışmaq mümkün deyildir. Muxtar respublikamızda telekommunikasiyanı inkişaf etdirib rəqəmsal televiziya yayımına nail olmaq, simsiz internetin sürətini artırmaq, hər bir evə fiber-optik kabelin çəkilməsini təmin etmək və bu sahədə imkanları genişləndirmək bizim planlarımıza daxildir. Biz əminik ki, bunlara qısa müddət ərzində nail olacaq, Azərbaycanın bu gözəl guşəsini inkişaf etmiş, müasir texnologiyalara sahib bir regiona çevirə biləcəyik”.

Qısa zaman ərzində böyük uğurlar qazanan Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da qarşıya qoyulan vəzifələri və tapşırıqları layiqincə yerinə yetirəcək.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ