ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

17.05.2011

Muxtar respublikada informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzindədir

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2006-cı ilin mart ayının 26-da qətnamə qəbul edərək hər il may ayının 17-ni Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etmişdir. Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var. Məhz həmin gün–1865-ci il mayın 17-də Beynəlxalq Teleqraf İttifaqı yaradılmışdır. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da 17 may “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü” kimi qeyd olunur.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biridir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqları, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmini, milli informasiya-kommunikasiya texnologiyaları məhsullarının istehsalı, ölkənin elektron geriliyinin aradan qaldırılması və digər vacib məsələlər daxildir.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan ötən müddət ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk xarici səfəri kimi 2003-cü ildə Cenevrədə keçirilən informasiya cəmiyyəti məsələləri üzrə dünya sammitində iştirakı Azərbaycan dövlətinin bu sahəyə diqqətini beynəlxalq aləmə bir daha nümayiş etdirdi. Ölkə Prezidenti sammitdə çıxış edərək xüsusi qeyd etdi ki, Azərbaycan dövləti informasiya cəmiyyətinin qurulması istiqamətində bütün imkanlardan istifadə edəcəkdir. Dövlət başçısı Azərbaycanın bu sahədə dövlət siyasətinin əsas prioritetlərini şərh etmiş, İKT-ni inkişaf etdirməkdə maraqlı olduğunu bəyan etmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir.

Dövlətin bu sahədəki siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı“nın (Elektron Azərbaycan) muxtar respublikaya aid bəndləri uğurla icra edilmiş, hazırda “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”ndan (Elektron Azərbaycan) irəli gələn vəzifələr həyata keçirilir.

2005-2008-ci illər üçün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsinin Trans-Asiya-Avropa (TAE) magistralı üzərindən təşkili layihəsi uğurla başa çatdırılmışdır. Uzunluğu 134 km olan və Naxçıvan ərazisindən keçməklə İran və Türkiyə üzərindən beynəlxalq xətlərə qoşulan bu optik magistral bölgə üçün mühüm əhəmiyyət daşıyır. Bu xəttin tikintisinin başa çatdırılması ilə muxtar respublika Şərqdən Qərbə uzanan virtual ipək yolunun bir parçasına çevrilmiş və bölgədə ilk dəfə onun tranzit imkanları yaranmışdır. Cari ilin birinci rübündə ümumi uzunluğu 41 kilometr olan Naxçıvan-Şahbuz fiber-optik magistral xəttin tikintisi başa çatdırılmışdır. Hazırda muxtar respublika ərazisində olan avtomat telefon stansiyalarının 67,3 faizi optik arabağlantılarla təmin edilmişdir. Muxtar respublikada optik xətlərin geniş vüsət alması burada fəaliyyət göstərən digər qurumlar üçün də əlverişli şərait yaratmışdır. Bütün bunlar elektron hökumət və informasiya cəmiyyəti quruculuğunun əsasını təşkil edir.

Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə ötən il Naxçıvan-Türkiyə-Gürcustan-Bakı istiqamətində optik kabel üzərindən STM-16 səviyyəli rabitə kanalları, bundan əlavə Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılmışdır.

2009-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə və Səhiyyə nazirliklərini, eləcə də Dövlət Sosial Müdafiə Fondunu və onların struktur bölmələrini əhatə edən korporativ kompyuter şəbəkəsi layihələndirilmiş və istismara verilmişdir. Bundan başqa, Maliyyə, Vergilər nazirlikləri, DSMF, Mərkəzi Bank, Dövlət Gömrük və Statistika komitələrini əhatə edən elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün “Mail Server” işə salınmış, Naxçıvan Beynəlxalq Hava Limanının və Türk Hava Yolları Naxçıvan nümayəndəliyinin online bilet satışı və sərnişinlərin qeydiyyatı sisteminin işləməsi üçün Naxçıvan Beynəlxalq Hava Limanında lokal şəbəkənin quraşdırılması və optik kabel üzərindən sürətli internetin verilməsi təmin edilmişdir. Muxtar respublikaya Bakı şəhərindən və Türkiyədən daxil olan internet kanallarının sürəti 155 mb/s-ə çatdırılmaqla onların alternativliyi təmin olunmuşdur.

Naxçıvan Dövlət Universitetində 2005-ci ildən başlayaraq keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfranslarında genişzolaqlı internet üzərindən dünyanın və ölkəmizin bir çox universitetləri ilə videokonfrans əlaqələri yaradılır. Universitetdə CİSCO texnologiyaları əsasında yaradılan “Wi-Fi” internet şəbəkə sistemi Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mühəndis və texniki işçilərinin dəstəyi ilə qurulmuşdur.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 2796 dəst kompyuter quraşdırılmışdır ki, bu da hər 18 şagirdin bir dəst kompyuterlə təmin olunması deməkdir. Ümumtəhsil məktəblərində istifadə olunan 2796 kompyuterdən 2237-si və ya 80 faizi internetə qoşulmuşdur. Bu gün Naxçıvanda kompyuterdən istifadə edənlərin sayı 223 min, internetdən istifadə edənlərin sayı isə 260 mindən çoxdur. Muxtar respublikanın bütün rayon mərkəzlərində quraşdırılmış DSLAM avadanlıqları üzərindən genişzolaqlı ADSL xidmətləri ilə yanaşı, bütün yaşayış ərazilərində telefon xətti üzərindən internetə qoşulmaq mümkündür. Naxtel simsiz rabitə şəbəkəsinin əhatə zonasında simsiz internet fəaliyyət göstərir. Həmçinin,  ötən il Naxçıvan şəhərində Naxtel şəbəkəsi üzərindən hər bir abunəçiyə 2.7 mb/s internet xidməti yaradan 2 ədəd EV-DO avadanlığı istifadəyə verilmişdir.

Ötən ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən, ən müasir 3G rabitə xidmətlərinin göstərilməsinə imkan yaradan Yeni Nəsil Telekommunikasiya (NGN) sistemi istifadəyə verilmişdir. NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə çoxlu sayda servis xidmətlərindən istifadə imkanı verir.

Hazırda muxtar respublika ərazisində fəaliyyət göstərən 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsinin istifadəçilərinin sayı 367 mindən çoxdur, stasionar telefonların sayı isə 60910-a çatmışdır. Beləliklə, əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 90-a çatmışdır.

Dövlətin bu sahədəki siyasəti cəmiyyətin hər bir üzvünün, o cümlədən fiziki imkanları məhdud olan insanların da İKT-dən istifadə etməsinə imkan verir. Ötən ilin oktyabrın 5-də məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin istifadəyə verilməsi buna əyani misaldır. Yeni texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, informasiyanın tapılması, əldə edilməsi və xüsusi olaraq gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulmuş müasir kompyuterlərlə təmin olunmuş kompyuter mərkəzi qurulmuşdur. Bu mərkəzdə gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə elektron böyüdücü cihazlar, Azərbaycan, türk, ingilis, rus dillərindən istənilən kitabları səsləndirmək üçün oxu maşını quraşdırılmış, brayl şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompyuter oyunu otağı yaradılmışdır.

Əhalinin sosial təbəqələrinin müasir kompyuterləri əldə etməsinə şərait yaradan və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaldan, dövlətin elektron hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləyən, informasiya cəmiyyətinə keçidi sürətləndirən “Xalq kompyuter”i layihəsinin rolu da danılmazdır. Ötən ilin avqust ayından başlayaraq bu layihə uğurla həyata keçirilir. Ötən müddət ərzində muxtar respublikamızda əhaliyə güzəştli şərtlərlə 994 ədəd kompyuter satılmışdır.

Muxtar respublika rəhbərinin İKT-nin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu ilin fevral ayından başlayaraq poçt sisteminin yeni şəbəkə infrastrukturunun qurulması və poçt-maliyyə, bank və informasiya xidmətlərinin göstərilməsinə imkan yaradan layihənin icrasına başlanmışdır.

Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi üçün cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini dərk edərək bu prosesdə yaxından iştirak etməsi vacib şərtdir. Hazırda bu məsələ beynəlxalq sammitlərin, elmi konfransların, aparıcı dövlətlərin liderlərinin zirvə görüşlərinin əsas müzakirə predmetinə çevrilmişdir. Ölkəmizin də təmsil olunduğu informasiya cəmiyyəti üzrə beynəlxalq sammitlərdə biznes, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək sivilizasiyanın inkişafı naminə qərarlar qəbul edirlər. Odur ki, muxtar respublikada informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə daha böyük uğurların əldə edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ