ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

06.12.2010

6 dekabr Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür

 

Naxçıvanda rabitə və informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir

 

Bu gün rabitəçilərin peşə bayramıdır. Azərbaycan respublikası prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən, hər il dekabrın 6-da rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 1881-ci ildə ölkəmizdə ilk telefon xəttinin Bakıda “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilməsilə tarixə düşən Azərbaycan rabitəsi yarandığı gündən özünəməxsus inkişaf yolu keçərək bugünkü dövrə çatıb. Dekabrın 6-da bu tarixi hadisənin 129 ili tamam olur. Ölkə rabitəsinin yaranması 1881-ci ildən hesablansada ölkə rabitəsinin olduqca qədim tarixi kökləri vardır. Belə ki, Hülakülər dövlətinin dövründə Qazan xan 1303-cü ildə keçirdiyi islahtlardan biridə rabitə sahəsi olmuşdur. Həmçinin, 1501-ci ildə Səfəvilər dövlətinin hökümdarı Şah İsmayıl Xətayi tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur.


Zəngin tarixə malik olan Azərbaycan rabitəsinin parlaq inkişaf dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. İstər Sovetlər dönəmində, istərsədə müstəqillik dövründə ulu öndərin hakimiyyətdə olduğu illərdə milli rabitəmiz çox böyük inkişaf yolu keçmişdir. Azərbaycanda rabitənin inkişaf dinamikasına nəzər salsaq, bu sahənin inkişaf dövrünün məhz keçən əsrin 70-ci illərindən başlandığını görərik. Azərbayan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun 1970-ci ilin iyun ayında keçirilən iclasında “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” qərarın qəbul edilməsi ölkənin rabitə sistemində inkişafın əsasını qoydu və yeni islahatların aparılmasına səbəb oldu. 1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhərində deyil digər rayon və şəhərləri də əhatə etmişdir. Məhz ulu öndərin xüsusi diqqət və qayğısı nəticəsində Naxçıvan rabitəsində də canlanma baş vermiş və həmin illərdə Naxçıvan şəhərində, Babək, Ordubad, Culfa, Şərur, Sədərək və Şahbuz rayon mərkəzlərində yeni çox tutumlu ATS-lər tikilib istifadəyə verilmişdir. Təsadüfü deyil ki, bu müddət ərzində muxtar respublikada işləyən telefonların ümumi sayı 23 min 313 nömrəyə çatdırılmış və hər 100 ailədən 32.2-si telefonla təmin edilmişdir.


Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra təməli qoyulan müstəqil Azərbaycanın yeni inkişaf konsepsiyası muxtar respublikanı da əhatə etdi. Bütün sahələrdə olduğu kimi rabitə sahəsində də yüksək inkişaf meyilləri özünü göstərməyə başladı. O cümlədən muxtar respublikanın rabitə sahəsində iri layihələr həyata keçirildi. Muxtar respublikanın bütün ərazisini əhatə edən elektron telefon stansiyaları istifadəyə verildi, Bakı-Naxçıvan arası peyk kanalları vasitəsi ilə rabitə əlaqələri yaradıldı, Azərbaycan televiziya və radio verlişlərinin peyk üzərindən Naxçıvana çatdırılması təmin edildi. Məhz onun 17 fevral 2003-cü ildə imzaladığı 2003-2012-ci illər əhatə edən “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” haqqında Sərəncamı ilə Azərbaycanda 10 il ərzində görüləcək işlərin ümumi xəttini müyyənləşdirdi.


Ulu öndərin müəyyənləşdirdiyi strategiya ölkəmizin bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilməkdədir. 2002-2010-cu illər ərzində muxtar respublika rəhbərliyinin himayəsi və rəhbərliyi altında yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində mühüm layihələr həyata keçirilmişdir. Muxtar respublikada aparılan məqsədyönlü tədbirlərin nəticəsində bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Hazırda muxtar respublikanın bütün rabitə sistemi tamamilə rəqəmsal tiplidir. Bu da ən ucqar dağ kəndlərində belə genişzolaqlı telekommunikasiya xidmətlərinin həyata keçirilməsinə imkan verir. Hazırda muxtar respublikada istifadə olunan telefon aparatlarının sayı 59 min nömrəni ötmüşdür. Muxtar respublikamızda 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi xidmə göstəriri ki, bu da ümumi yaşayış ərazilərimizin 90 faizindən çoxunu mobil rabitə ilə təmin edir. Həmçinin, Naxtel simsiz rabitə şəbəkəsinin əhatə ərazilərdə həm də simsiz internet fəaliyyət göstərir. Bu da muxtar respublikanın bütün yaşayış məntəqələrindən internetə çıxış imkanlarını daha da artırır. Bundan əlavə Naxçıvan şəhərində və bütün rayon mərkəzlərində asinxron rəqəmsal istifadəçi xəttləri üzərindən də genişzolaqlı internet və lokal şəbəkə xidmətləri verilir. Hazırda muxtar respublikaya daxil olan internet kanalının tutumu saniyədə 155 meqabitdir.


Başa çatmaqda olan 2010-cu ildə rabitə və informasiya texnologiyaları sahəsində bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin “Tədbirlər Planı”na əsasən bu il Babək rayonun Y.Uzunoba kəndində 416 nömrəlik Karel DS-200 tipli, Babək rayonun Payız kəndində 200 nömrəlik və Şərur rayonunun Yengicə kəndində 400 nömrəlik avtomat telefon stansiyaları quraşdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə bu ilin may ayının 19-da Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya sistemi (NGN) istifadəyə verildi. Şəbəkə Naxçıvan şəhər rabitə idarəsinin texniki binasında yerləşən mərkəzi idarəetmə qurğuları, mərkəzi nəzarət və 25120 ümumi abunəçi tutumu olan telekommunikasiya sistemindən ibarətdir. Yeni Nəsil şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstunlükləri eyni zamanda səs, şəkil, data siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və genişzolaqlı internet, video telefon və əlavə 24 servis xidmətləri vermək imkanlarından ibarətdir. Yeni sistem Naxçıvan Muxtar Respublikasının rayonlararası, şəhərlərarası və beynəlxalq bağlantılarını ən müasir siqnallaşma protokolları vasitəsilə həyata keçirilməsinə şərait yaratmışdır. Həmçinin, Naxçıvan şəhərində beynəlxalq standarta uyğun 7 rəqəmli nömrə planına keçid və iki rəqəmli şəhərlərarası zona kodunun qəbul edilməsinə də real imkan yaradıb.


Ümumilikdə muxtar respublikada, o cümlədən rabitə və informasiya texnologiyaları sektorunda görülən işləri təhlil etsək bu tədbirlərin ardıcıl və sistemli şəkildə aparıldığının şahidi olarıq. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə tətbiq olunan yeniliklər və bu regionda həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yeni istifadəyə verilən kənd mərkəzlərində poçt və rabitə xidmələri üçün də müvafiq sahələr ayrılır. Belə ki, son 5 ildə 59 rabitə evi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Naxçıvan şəhər rabitə idarəsinin inzibati binaları, xidmət sahələri, Naxçıvan şəhər rabitə idarəsinin texniki binası müasir standartlara uyğun təmir edilib rabitəçilərin və əhalinin istifadəsinə verilməsi nəticə etibarı ilə rabitə müssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, əhalinin rabitə xidmətlərinin imkanlarından hərtərəfli yararlanmasına geniş imkan açır.


Hazırda muxtar respublika ərazisində olan ATS-lərin optik arabağlantılarla təmin edilməsi və optik xəttlərin geniş vüsət alması burada fəaliyyət göstərən digər qurumlar üçün də əlverişli şərait yaratmışdır. Belə ki, “Təhlükəsiz şəhər”, “Bir pəncərə” gömrük nəzarət sistemi, müdafiə işləri ilə əlaqədar layihələr və s. mövcud optik şəbəkələrin təməli üzərində qurulur. Bütün bunlar isə Elektron hökumət və informasiya cəmiyyəti quruculuğunun əsasını təşkil edir. Bundan əlavə ötən il Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu və onların struktur idarələrini əhatə edən korporativ kompüter şəbəkəsi nazirliyin mühəndisləri tərəfindən layihələndirilmiş və qurularaq istismara verilmişdir. Həmçinin, Maliyyə, Vergilər nazirlikləri, DSMF, Mərkəzi Bank, Gömrük və Statistika komitələrini əhatə edən elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün “Mail Server” işə salınmışdır.


Bütün bu görülən işləri və əldə olunan nailiyyətləri məhz dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğının və rabitəçilərimizin əzmlə çalışmaları sayəsində qazanmışıq. Bu əlamətdar gündə muxtar respublikanın rabitə və informasiya sektorunda həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən daha geniş bəhs etmək olardı. Lakin nəzərə alsaq ki, bu sahə insanların hər gün dəfələrlə müraciət etdiyi sahədir və hər bir muxtar respublika vətəndaşı görülən işlərlə parerlel olaraq nəinki yeniliklərin şahidi olur, hətta bir çox hallarda tədbiq olunan yeniliklərin istifadəçisinə çevrilir, bu zaman görülən işləri daha geniş şərh etməyə ehtiyac qalmır. Lakin düşünmək o qədər də çətin deyil ki, yuxarıda qeyd olunanlar və olunmayan nailiyyətlər ölkəmizin, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın uğurudur. Bu həm də ölkə və muxtar respublika rəhbərliyinin qayğısını daim üzərində hiss edən rabitə işçilərimizin uğurudur.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ