Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 110 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 294 min 723 manat təşkil edib.

Qeyd olunub ki, ötən il iyulun 27-də Ordubad rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin və Ordubad şəhərində yeni tikilən Rabitə Evinin açılışı olub. Layihə çərçivəsində rayon ərazisində ümumi montaj tutumu 11 min 344 nömrə olan 35 ədəd yeni nəsil telefon sistemi qurulub, Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında 10 Gb/s tutumlu İP MPLS adlanan ən müasir çoxprotokollu kommutasiya şəbəkəsi yaradılıb. Naxçıvan və Şərur şəhərlərindəki əsas və ehtiyat idarəetmə mərkəzləri arasında 10 Gb/s tutumlu ikinci DWDM adlanan optik kanalların sıxlaşdırıcı avadanlığı qurulub. Sen­tyabrın 15-də isə İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib.
Vurğulanıb ki,il ərzində 2198 ədəd yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 30 fərdi mənzilə ­fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb.
Diqqətə çatdırılıb ki, ötən il Naxtel mobil operatoru abunəçilərinin sayı 60 mini ötüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə il ərzində 7300-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən 32 dövlət təşkilatının internet səhifələrində mətbuat xidməti bölməsi yaradılıb, “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci ilin mart ayından əmək pensiyalarının poçt məntəqələrində paylanmasına başlanılıb, 1 yanvar 2019-cu il tarixə poçt məntəqələrindən pensiya alanların sayı 330 nəfər olub.
Sonra işdə yol verilmiş nöqsanlara toxunulub, məruzə ətrafında çıxışlar dinlənilib.