Tələbərlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində  Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları  ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”  27 iyul 2015-ci il tarixli  Sərəncamı ilə  bir sıra ixtisasların  rabitə və yeni texnologiyalar nazirliyinin hamiliyinə verildiyini bildirib. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.

Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda yüksək nəticələr əldə etmək üçün bu sahənin inkişafı və müasir texnologiyaların bütün sahalər üzrə tətbiqi vacib məsələrdən biridir. Sürətli və dayanıqlı inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

          Nazir diqqətə çatdırıb ki, bu ilin  əvvəlindən Naxçıvan Dövlət Universitetini bitirmiş səkkiz məzun nazirliyin müvafiq qurumlarına işə qəbul edilib. Bundan əlavə, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz  tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat   təqaüd verilməsi təmin edilib.  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqənin qalibi olan dörd tələbə    hazırda “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib. Həmçinin 2017-2018-ci tədris ilində Huavei şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün yeddi seminar-treninq keçirilib.  Bu ilin oktyabr ayında isə nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə Naxçıvan Dövlət Universitetində  “İdeyadan-Biznesə” ümumrespublika  startap müsabiqəsi qısa müddətdə  təşkil edilib.

   2018-ci il ərzində Naxçıvan Dövlət Universitetin informasiya texnologiyaları ixtisasının 3-cü və 4-cü kürs tələbələrinin, Naxçıvan Texniki Kollecinin poçt və bank işi   ixtisası üzrə təhsil alan tələbələrin nazirlikdə və onun tabeliyində olan qurumlarında istehsalat təcrübəsi keçməsi təmin edilib, tələbələr bilavasitə praktiki işlərə cəlb ediliblər. İstehsalat təcürbəsi zamanı tələbələrlə yüksək ixtisaslı mütəxəssislər tərəfindən təlimlər verilib. Tələbələrlə nazirlikdə iki dəfə görüş keçirilib.

Görüşdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, həmin fakültənin kafedra müdiri Məftun Əliyev, nazirliyin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Hüsniyyə Rəcəbova, tələbələr Elşən Əliyev və Zeynəb Əlizadə istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin tələbələrin praktiki biliklər əldə etməsində böyük əhəmiyyəti daşıdığını vurğulayıblar.