“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 469; 2006-cı il, № 11, maddə 932, № 12, maddə 1005; 2007-ci il, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053) aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:

“10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.”.

2. 11.4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır;”.

3. Aşağıdakı məzmunda 11.4.6-cı maddə əlavə edilsin:

“11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verir.”.

4. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırıla bilər.”.

5. 23.2.6-cı maddə 23.2.7-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 23.2.6-cı maddə əlavə edilsin:

“23.2.6. yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qaldıqda;”.

6. 35.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.”.

7. Aşağıdakı məzmunda 37.3-cü maddə əlavə edilsin:

“37.3. Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.”.

8. 39.6-cı maddədə “özünün televiziya” sözlərindən sonra “və radio” sözləri əlavə edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti,

İlham Əliyev

Bakı şəhəri, 3 aprel 2009-cu il