«Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin qanunun 3.1.10-cu maddəsində nəzərdə tutulmuş telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması məqsədilə tədbirlər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin qanunun 16.1-ci maddəsində nəzərdə tutulan «səlahiyyətli dövlət hakimiyyəti orqanları»nın siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin,

1.10. həmin qanunun 31.5-ci maddəsində nəzərdə tutulmuş universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin qanunun 35.4-cü maddəsində nəzərdə tutulmuş telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.13. həmin qanunun 46.5-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. öz səlahiyyətləri daxilində «Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 9.6-cı, 13.6-cı, 13.7-ci, 21.2-ci, 31.5-ci, 35.4-cü və 46.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 7.3-cü, 7.4-cü, 7.7-ci, 7.9-cu, 7.10-cu, 11.2.4-cü, 12.2-ci, 12.3-cü, 12.4-cü, 13.3-cü, 14.0-cı, 15.1-ci, 17.1-ci, 17.3-cü, 18.1-ci, 19.3-cü, 20.3-cü, 31.3-cü, 31.3.2-ci, 31.4-cü (hər iki halda), 31.7-ci, 33.1.9-cu, 34.2.6-cı, 40.7-ci, 53.2-ci və 56.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;

2.4. həmin qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. həmin qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.6. həmin qanunun 13.2-ci və 13.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası həyata keçirir;

2.7. həmin qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq dövlət orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası öz səlahiyyətləri daxilində həyata keçirir;

2.8. həmin qanunun 33.1.9-cu və 34.2.6-cı maddələrində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzərdə tutulur;

2.9. həmin qanunun 21.1-ci maddəsində «dövlət hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər dövlət hakimiyyəti orqanları nəzərdə tutulur.

2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

3. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti,

İlham Əliyev

Bakı şəhəri, 9 avqust 2005-ci il