"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 5.1-ci və 8.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 8.6-cı maddəsinin müddəalarını nəzərə almaqla feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış feldyeger rabitəsi orqanının şəxsi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin məbləği və verilməsi qaydası haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi qaydasını təsdiq etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 2.0.2-ci, 6.1.5-ci, 10.3-cü, 11.3-cü, 11.4-cü və 11.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 5.3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, "Azərbaycan Hava Yolları" Dövlət Konserni, Azərbaycan Dövlət Dəmir Yolu və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi həyata keçirirlər;

həmin Qanunun 8.7-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyələrini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir. 

 

Azərbaycan Respublikasının Prezidenti,

Heydər Əliyev

Bakı şəhəri, 4 avqust 2003-cü il