"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Azərbaycan Respublikasının Dövlət Felyeger Xidməti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin işçilərinin say həddini təsdiq etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci və 8.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev