Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksək tezlikli qurğulardan istifadə edilməsinin səmərəliyini artırmaq və bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri təyin edilsin.

3. Azərbaycan Respublikasının rabitə naziri (vəzifəsinə görə) Radiotezliklər üzrə Dövlət Komissiyası sədrinin müavini təyin edilsin.

4. Müəyyən edilsin ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının tərkibinə rabitə, müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin və Azərbaycan Hava Yolları Dövlət Konserninin rəhbərləri tərəfindən təyin edilən bu orqanların səlahiyyətli nümayəndələri daxildir. Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə radiokommunikasiya vasitələrini istehsal və istismar edən respublikanın digər müəssisələrinin nümayəndələri də bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay ərzində Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnaməni təsdiq etsin və bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti,

Heydər Əliyev

Bakı şəhəri, 15 avqust 1996-cı il