Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi haqqında  Əsasnamə

1. Ümumi maddələr

1.1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyaları Nazirliyi (bundan sonra – Nazirlik) rabitə (telekommunika­siya və poçt) və informasiya texnologi­yaları sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

 

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.1. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir;
2.1.3. telekommunikasiyanın, o cümlədən simsiz texnologiyaların, genişzolaqlı internetin, poçtun, radio-televiziya yayımının inkişafını və radiotezliklərdən səmərəli istifadəni təmin edir;
2.1.4. tranzit informasiya magistrallarının və qovşaqlarının, regional informasiya xidmətlərinin yaradılmasında və genişləndirilməsində iştirak edir;
2.1.5. informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.1.6. dövlət hakimiyyəti orqanlarının xüsusitəyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir;
2.1.7. “elektron hökumət”in inkişafını aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir;
2.1.8. elektron imza infrastrukturunun inkişafını və ondan geniş istifadəni təmin edir;
2.1.9. informasiya cəmiyyətinin inkişafına dair tədbirlər hazırlayır və həyata keçirir;
2.1.10. informasiya texnologiyaları sahəsində kadr hazırlığı işlərini həyata keçirir;
2.1.11. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.1.12. müvafiq sahənin inkişafı üçün tədbirlər görür.

 

3. Nazirliyin vəzifələri

 

3.1. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
3.1.2. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, bu sahədə aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər görmək;
3.1.3. müvafiq sahə üzrə yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini və idarə olunmasını aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;
3.1.4. informasiya təhlükəsizliyinin təmin edilməsi və məlumatların qorunması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.1.5. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
3.1.6. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin hazırlanmasından, təkmilləşdirilməsindən və normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;
3.1.7. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.1.8. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
3.1.9. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə təhlükəsizlik tədbirləri görmək;
3.1.10. müvafiq sahədə tələbatın ödənilməsi üçün tədbirlər görmək;
3.1.11. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahə üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək;
3.1.12. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahə üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müvafiq sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin göstərdikləri xidmətlərin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq;
3.1.13. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və ondan istifadə qaydalarını, bu şəbəkənin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi sahəsində siyasəti müəyyənləşdirmək;
3.1.14. qanunvericiliklə müəyyən edilmiş qaydada mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə, habelə ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə vermək;
3.1.15. radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak etmək;
3.1.16. qanunvericiliklə müəyyən edilmiş hallarda təsisçisinin və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Naxçıvan Muxtar Respublikasında yayılmasına razılıq vermək;
3.1.17. müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
3.1.18. operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək;
3.1.19. müvafiq sahə üzrə təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görmək;
3.1.20. muxtar respublikada domen adlarının qeydiyyatı və onlardan istifadəni tənzimləmək;
3.1.21. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mobil cihazların qeydiyyatını aparmaq;
3.1.22. cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.23. radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarını müəyyənləşdirmək, onların icrasına nəzarəti və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqini həyata keçirmək;
3.1.24. müvafiq sahədə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
3.1.25. müvafiq sahədə dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər vermək;
3.1.26. universal telekommunikasiya xidmətlərinin təşkilini, keyfiyyətini, müddətini və digər tələbləri müəyyən etmək, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görmək;
3.1.27. müvafiq sahədə fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr vermək;
3.1.28. müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə operator və provayderlərin tətbiq etdiyi tariflərin monitorinqini aparmaq, operatorlara və provayderlərə tövsiyələr vermək;
3.1.29. qanunvericiliklə müəyyən edilmiş qaydada telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasını həyata keçirmək;
3.1.30. qanunvericiliyə uyğun olaraq təşkil edilmiş poçt-maliyyə xidmətləri sahəsində fəaliyyətə nəzarətin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
3.1.31. dövlət poçt ödənişi nişanlarının (poçt markalarının) nümunələrini və tirajını müəyyən etmək, onların nəşrini və yayılmasını təşkil etmək;
3.1.32. Naxçıvan Muxtar Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini müəyyən etmək və poçt rabitəsi xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
3.1.33. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işini təmin etmək, bu məqsədlə material ehtiyatlarının yığılması planlarını hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
3.1.34. müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Nazirliyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil etmək;
3.1.35. muxtar respublikanın bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.36. poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə zəruri tədbirlər görmək;
3.1.37. Naxçıvan Muxtar Respublikasının ərazisində radio və televiziya proqramlarının yayımını, o cümlədən rəqəmli televiziya yayımını aidiyyəti qurumlarla birgə təşkil etmək;
3.1.38. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublikanın tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, bu sahədə yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması üzrə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.39. muxtar respublikanın qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə zəruri tədbirlər görmək;
3.1.40. Naxçıvan Muxtar Respublikasında data-mərkəzlərin yaradılması, onların şəbəkəsinin genişləndirilməsini və informasiya xidmətlərinin təşkilini həyata keçirmək;
3.1.41. müvafiq sahə üzrə dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirmək;
3.1.42. aidiyyəti dövlət orqanları ilə birlikdə istehsal sahələrində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsul və xidmətlərin yaradılması və istehsalı ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi üçün tədbirlər görmək;
3.1.43. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə investisiya mühitinin yaxşılaşdırılması, investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq, yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;
3.1.44. muxtar respublikada ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını həyata keçirmək, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodik yardım göstərmək, muxtar respublikaya daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görmək;
3.1.45. muxtar respublikanın efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.46. dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin qanunvericiliyin tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamaq;
3.1.47. elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditini həyata keçirmək;
3.1.48. müvafiq sahədə obyektlərin mühafizəsini təşkil etmək və fövqəladə vəziyyətlərin aradan qaldırılmasında iştirak etmək;
3.1.49. dövlət hakimiyyəti orqanlarının xüsusitəyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.1.50. “elektron hökumət”in inkişafı üzrə fəaliyyəti əlaqələndirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər görmək;
3.1.51. “elektron hökumət” portalının yaradılmasını, idarə olunmasını, fəaliyyətini, inkişafını təmin etmək;
3.1.52. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etmək;
3.1.53. dövlət tədbirlərinin texniki təminatını xüsusi vasitələrlə həyata keçirmək;
3.1.54. müvafiq sahədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;
3.1.55. elektron imza infrastrukturunun inkişafını təmin etmək, onun idarə olunmasını və bu sahədə fəaliyyətə nəzarəti həyata keçirmək;
3.1.56. “elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi üçün tədbirlər görmək, o cümlədən informasiya sistemlərini və ehtiyatlarını yaratmaq, onların inteqrasiyasına dair texniki tələb və standartların müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.57. dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərini aparmaq;
3.1.58. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında informasiya texnologiyalarından istifadədə rəqəmli fərqliliyin aradan qaldırılması üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.59. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və sair) inkişafı ilə bağlı aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.60. internet resurslarının inkişaf etdirilməsi üzrə aidiyyəti qurumlarla birlik­də zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.61. müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazır­lığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.62. müvafiq sahədə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;
3.1.63. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün tədbirlər görmək;
3.1.64. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək;
3.1.65. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.1.66. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.67. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.68. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətini və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək və tədbirlər görmək, sosial-iqtisadi inkişaf proqnozlarını, o cümlədən gəlirlər və xərclər smetasını hazırlamaq və onların icrasına nəzarət etmək;
3.1.69. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
3.1.70. öz fəaliyyətində ictimaiyyətin iştirakını, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təmin etmək;
3.1.71. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
3.1.72. müvafiq sahə üzrə işçilərin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək;
3.1.73. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
3.1.74. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;
3.1.75. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Nazirliyin hüquqları 

4.1. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.1.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. müvafiq sahə üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, metodik və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək;
4.1.4. bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qrupları və komissiyalar yaratmaq;
4.1.5. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbu nəşr təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.6. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
4.1.7. müvafiq sahədə yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görmək;
4.1.8. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
4.1.9. fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrindən, qurğularından və vasitələrindən istifadə etmək, onlardan istifadəni dayandırmaq, məhdudlaşdırmaq və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq etmək;
4.1.10. fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
4.1.11. müvafiq sahədə çalışan işçiləri dövlət mükafatlarına və digər təltiflərə təqdim etmək, qanunvericiliyə uyğun olaraq, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
4.1.12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

 

5. Nazirliyin fəaliyyətinin təşkili  

5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturunu, Nazirli­yin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həd­dini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilmə­miş məsələlər barədə normativ-hüquqi aktları qərar formasında qəbul edir;
5.5.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Nazirliyin aparatının işçilərini, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (rəhbərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən qurumlar istisna olmaqla) rəhbərlərini, rəhbərlərin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tədbirləri görür;
5.5.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ-hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.11. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.5.12. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə ixtisas dərəcələri verir.
5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərinə tapşıra bilər.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin müavinlərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.
5.11. Nazirliyin kollegiyası qərar formasında aşağıdakı normativ-hüquqi aktları qəbul edir:
5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ-hüquqi aktları;
5.11.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Nazirliyə tapşırılmış konkret normativ-hüquqi aktları;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ-hüquqi aktları;
5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ-hüquqi aktları;
5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ-hüquqi aktları;
5.11.6. bu Əsasnamənin 5.11.1-ci -­ 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ-hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ-hüquqi aktları.
5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, internetin inkişafı şurası və digər ictimai şuralar yaradıla bilər.