Naxçıvan Dövlət Universiteti tələbələrinə “Nar” mobil operatoru tərəfindən təqaüd kartları verilib

Naxçıvan Dövlət Univesiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. “Azerfon” şirkətinin Baş icraçı direktoru Qunnar Pahnke bu məqsədlə universitetə gəlib. Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayıb, bu tədbirlərin keçirilməsinin tələbələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində artan rolundan danışıb.

Rabitə və Yeni texnologiyalar nazirinin müavini Əli Mikayılov qeyd edib ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusilə fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020-ci tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb. “Azerfon”un Baş icraçı direktoru Qunnar Oanke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tələbələr adından çıxış edən İnci Hüseynli öz minnətdarlığının ifadə edib.
Qeyd edək ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəsətək məqsədilə muxtar respublikada təhsil alan tələbələr üçün təqaüd proqramını təşkil edir.
İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında ətraflı məlumat verib. Rektor universitetdə imtahanların elektron qaydada keçirilməsindən ətraflı söhbət açıb, yaradılan texniki imkanlar dəyərləndirilib. Sonra qonaqlar İnformasiya-Kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olublar.