Muxtar Respublikada poçt sistemi müasir tələblər səviyyəsində qurulub

9 oktyabr 1874-cü ildə İsveçrənin paytaxtı Bern şəhərində dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılması haqda razılığa gəlinib və vahid beynəlxaq poçt qaydaları müəyyən olunub. Həmin tarix 1969-cu ildə Yaponiyada keçirilmiş Ümumdünya Poçt İttifaqının Konqresində qəbul edilmiş qərarla hər il Ümumdünya Poçt Günü kimi qeyd olunur.

Ölkəmizdə rabitə və poçt  sisteminin sürətli inkişafının təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqiliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən Ümumdünya Poçt İttifaqına üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi Ümumdünya Poçt İttifaqının üzv olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətini Ümumdünya Poçt İtiffaqının müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib.
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirib.
Muxtar respublikada son illər rabitə sahəsində əldə edilən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması, poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt , 7 rayon  filialı və 172 poçt bölməsi  fəaliyyət göstərir.  2013-cü ildə “Naxçıvanpoçt”un müxtar respublikanı əhatə edən telekommunikasiya şəbəkəsi qurulmuş, Naxçıvan şəhərində Məlumatların Emalı Data Mərkəzi yaradılmışdır. Poçt məntəqələrində  ənənəvi poçt xidməti ilə yanaşı telefon haqlarının, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiyə Fondunun ödənişlərinin, Finca Qeyri Bank Kredit Təşkilatınin kredit borclarının, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank,  maliyyə, vergi və sairə  təşkilatların ödənişlərinin qəbulunu poçt məntəqələrində həyata keçirməsi təmin olub. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində yaradılan yeni “Naxtel” 4G mobil operatoru ilə müqavilə bağlanılıb, nömrələrin və danışıq kartlarının satışı poçt şöbə və bölmələri tərəfindən həyata keçirilməsi təşkil olunub. Həmçinin Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə Naxçıvanpoçt MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatı hazırlanıb. Hazırda bu xidmətdən pensiya alanların sayı 473 nəfərdir. Bundan əlavə, bələdiyyə rüsumlarının və Yeni Azərbaycan partiyasının üzvlük haqqlarının yığılması üşün proqram təminatı hazırlanmışdır ki, hazırda həm Naxçıvanpoçt, həm də sifarişçilər tərəfindən uğurla istismar edilir. Həmçinin “Naxçıvanpoçt” MMC-nin şəhər, rayon və kənd bölmələrində sabit internet abunəçiləri üçün balans artırma və tullantı vəsaitlərinin qəbulu üçün proqram təminatı hazırlanıb işə salınıb. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 176 ədəd POS terminal qoyulub.
Naxçıvanpoçt MMC-nin tərkibində  2014-cü ildə yaradılmış “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” fəaliyyət gösrərir ki, hazırda mərkəz tərəfindən 1721 elektron imza subyektinə  xidmət edilir. Bundan əlavə,  “Naxçıvanpoçt” MMC-nin “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” və  225 qaynar xətti fəaliyyət göstərir. Bu xidmət heç  rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş, “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Tapılan əşya poçt xidməti vasitəsi ilə sahibinə çatdırılır.
Naxçıvan şəhərində və muxtar respubilkanın rayonlarında qaz və elektrik sayğaclarının SMART kartlı sayğaclarla əvəz olunur və poçt məntəqələrində  həmin kartlara balans yüklənməsi işi təşkil olunub. Bunun üçün Naxçıvan şəhər rabitə idarəsinin texniki binasında server qoyulub, şəbəkəyə qoşulub, Naxçıvan şəhərində 18 poçt bölməsində və Babək rayon Poçt Filalının mərkəzi şöbəsində yeni kompüterlər, kart oxuyucuları qurulub, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompüterlər də həmin şəbəkəyə qoşulub. Bütün sistemə “Naxçıvanpoçt” MMC-nin mühəndisləri tərəfindən xidmət edilir.
Bundan əlavə  telefon və kommunal ödənişlərin internet üzərindən də həyata keçirilməsi  üçün müvafiq infrasturuktur yaradılıb.
Naxçıvanda beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Müasir texnologiyalardan istifadə olunmaqla poçt göndərişlərinin hansı məntəqədə olduğunu internet üzərindən izlənməsinə imkan yaradılıb. Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir. Hazırda mövcud 180 poçt bölməsindən 174-ü ən müasir şəraiti olan yaraşıqlı binalarda fəaliyyət göstərir. Bu ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə poçt işçilərinin əmək haqqları minimum əmək haqqı nəzərə alınmaqla orta hesabla 25% artırılmışdır. Bütün bunlar poçt sahəsində çalışan işçiləri  daha yüksək əzmkarlıqla işləməyə sövq edir.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi xidmət göstərəcəklər.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti