Kiber-hücumların qurbanına çevrilməyək

Son günlər “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin marka adından sui-istifadə edilməklə kiber kampaniya başladılmışdır. Təəssüf ki, bir neçə vətəndaş artıq bu cür kiber-hücumların qurbanı olmuşdur. Naməlum kiberdələduzlar tərəfindən yaradılmış və loqotipində “Azərpoçt” MMC-nin loqosu yerləşdirilən səhifələrin məzmununda “Azərpoçt” MMC tərəfindən promo-aksiya keçirildiyi və qiymətli əşya udulduğu, şəxsi məlumatlar təsdiq edilməklə və çatdırılma üçün cüzi məbləğ ödənilməklə qısa müddət ərzində çatdırılmanı alacaqları bildirilir. Bu cür məlumatlara etimad edərək linkə keçid edən və kart məlumatlarını daxil edən vətəndaşların hesabından böyük məbləğdə vəsaitlər silinir.

Eyni zamanda bu cür hallarla rastlaşan istifadəçilərin nəzərinə çatdırılır ki, internetdən istifadə zamanı veb-brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz "pop-up" reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.
Rabitə və Yeni Texnilogiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi  bu kimi hallarda internet istifadəçilərini  ayıq davranmağa çağırır və bu cür həqiqətə uyğun olmayan cəlbedici vədlərə etimad edərək şəxsi məlumatlarını, eləcə də kart məlumatlarını təqdim etməməyi, yalnız müvafiq quruma məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir.
İdarəetmə panelindən istifadə edərək, xəbəriniz olmadan son yüklənilən zərərli proqramları kompüterinizdən təmizləyin. İstifadə etdiyiniz brauzerin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi lisenziyalı antivirus proqramı ilə yoxlayın və viruslardan təmizləyin.


Naxçıvan Muxtar Respublikasının
Rabitə və Yeni Texnilogiyalar Nazirliyi
Elektron Təhlükəsizlik Mərkəzi