Naxçıvanlı tələbələr Çində Huawei şirkətinin təşkil etdiyi yay təlim toplantısında növbəti dəfə iştirak edib

Təlim toplantısından qayıdan tələbələrlə rabitə və yeni texnologiyalar nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan  rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov qeyd edib ki, 2015-ci ilin sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxçıvan Universitetində Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən yaradılan İKT Mərkəzinin açılışı olub. Burada Huawei Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru tərəfindən Ali Məclis Sədrinə  Huawei şirkətinin rəhbərinin məktubu təqdim edilib.

Məktubda muxtar respublkanın universitetlərində  informasiya texnologiyaları ixtisaslarında təhsil alan  tələbələrin Huawei şirkətinin Çinin Şenjen şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsini nəzərdə tutan  “Gələcəyin İKT Sahəsindəki Toxumları” adlı proqram-lahiyənin həyata keçirilməsi təklif edilib. Ali Məclis Sədrinin tələbələrin təlimlərdə iştirakının təşkil edilməsi barədə rabitə və yeni texnologiyalar nazirliyinə verdiyi tapşırığa   uyğun olaraq, Huawei şirkəti ilə 5 il davam edəcək layihənin icrasına start verilib.  Belə ki,  2016-cı ilə 6,   2017-ci ilə 12,  2018-ci ilə 5,  2019-cu ilə isə 7  tələbənin  şirkətin iki həftəlik  yay təlim məşğələlərində təcrübə keçməsi təmin edilib.  
2017-ci ilin mart ayında şirkətin Baş vitse prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri ilə görüşərkən “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətinə Naxçıvandan başlamasına şərait yaradıldığına görə  şirkətin rəhbərliyi adından minnətdarlığını bildirmiş, bundan sonra da burada informasiya texnologiyalarının inkişafına dəstək verəcəklərini və sosial layihələrdə daha yaxından iştirak edəcəklərini bildirmişdir.  Eyni zamanda ehtiram əlaməti olaraq, Ali Məclis Sədrinin təhsil aldığı orta məktəbin bir qurup şagirdinin Çinə ekskursiyasının təşkil edilməsi barədəki xidmətini təklif etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin il Naxçıvan Müəllimlər İnstitunun informatika ixtisası üzrə təhsil alan tələbələrinin  təlimlərə cəlb edilməsini daha məqsədəuyğun hesab etmiş, Huawei şirkətinin yay təlim məşğələlərində iştirak edəcək tələbələrin sayının artırılmasını yüksək qiymətləndirmişdir.
Vurğulanmışdır ki, Huawei şirkəti  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə 17 ildən artıqdır ki,  telekommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq edir. Bundan əlavə şirkət  burada bir sıra sosial layihələrdə də yaxından iştirak edir. Buna misal olaraq,   Naxçıvan şəhərindəki “Fiziki Məhdud İmkanlıların Regional İnformasiya Mərkəzi”ndə qurulan 150 şagird yerlik “Distant Təhsil Mərkəzi”ni, “Naxçıvan” Universitetində “Huawei” şirkətinin hamiliyi ilə istifadəyə verilən İKT Mərkəzini, bu günün mövzusu olan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı 5 illik layihəni, Naxçıvan Dövlət  və “Naxçıvan” Universitetlərinə hədiyyə edilən  2 ədəd böyük ölçülü monitor-planşeti və Naxçıvan universitetində şirkətin peşəkar mühəndisləri tərəfindən  hər il təşkil edilən mühazirələri göstərmək olar. Butun bunlar   onu deməyə əsas verir ki, Huawei şirkəti ilə əməkdaşlıq, muxtar respublikada telekommunikasiya sisteminin ən müasir informasiya texnologiyaları əsasında qurulması ilə yanaşı,  burada təhsilin inkişafına da öz töhfəsini verir.
Qeyd olunmuşdur ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi ¬Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə qarşıya qoyulan vəzifələrin icrası    sahəsində səylərini  bundan sonra daha  da artıracaq, yüksək ixtisaslı kadrların hazırlanması prosesində yaxından iştirak edəcəkdir.  Həmçinin  Ali Məclis Sədrinin “ Ali və orta ixtisas təhsili müssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər  və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikada  icrasına başlanmış   Startup hərəkatında  real nəticələr əldə edilməsi üçün yaradılmış bütün imkanlardan  maksimum istifadə edəcəkdir.           
Sonra Naxçıvan Dövlət Universitetinin informasiya texniologiyaları  kafedrasının  müdiri  dosent Məftun Əliyev  İKT sahəsində dünya lideri olan Huawei şirkətində tələbələrin təcrübə keçmələrinin mühüm əhəmiyyətindən və  layihənin onların dünya görüşündə  əsaslı  dönüş yaratmasından  ətraflı bəhs etmiş, belə layihənin həyata keçirilməsinin dövlətimizin təhsilə verdiyi önəmin bariz nümunəsi  olduğunu qeyd etmişdir.
Bundan sonra isə  bu ilki  təlimlərdə iştirak etmiş tələbələrdən İnci Hüseynli, Elvin Cabbarlı, Anar Rəsulzadə, Elvin Salayev, Roza Ağayeva   hazırladıqları təqdimatlar vasitəsi ilə Çinə səfərlərinin  təəsüratları və  ən müasir informasiya texnologiyaları haqqında əldə etdikləri biliklər haqqında görüş iştirakçılarına məlumat vermiş, yaradılan imkanlara görə muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Bildirilmişdir ki, Çin Xalq Respublikasında istehsalat təcrübəsi keçən tələbələr pro¬qram çərçivəsində əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanış olublar. Sonra təcrübəçi tələbələr Çinin Şenjen şəhərinə yola düşüblər.
“Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiblər. Tələbələrin ən qabaqcıl texnologiyalar haqqında ətraflı məlumat əldə etməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılmış, tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti