Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəzlənib, 5 stansiya tələbat olan açıq ərazilərdə montaj edilib.

Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin 5-ci mərhələnin icrası ilə bağlı Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilədə Naxçıvan-Qıvraq-İbadulla-Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil Naxtel abunəçilərinin say artımına real zəmin yaradıb. Hazırda Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Naxtelin maddi-texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb. Hazırda baza stansiyaların və məlumat hesablama sisteminin quraşdırma-tənzimləmə işləri həyata keçirilir. Eyni zamanda Şərur rayonu­nun Şahbulaq kəndində Naxtel mobil xidmətləri istifadəyə verilib.
Vurğulanıb ki, ötən dövrdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən pensiya ödənişlərinin avtomatlaşdırılması, bələdiyyə rüsumlarının və Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının yığılması üçün proqram təminatı hazırlanıb.
Nazir bildirib ki, hesabat dövründə ixtisaslı kadrların hazırlanması işi də diqqətdə saxlanılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

12.07.2019