Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu ilin birinci yarısında qeyd olunan vəzifələrin icrası diqqətdə saxlanmış, Ordubad rayonunun Dəstə kəndində 704 nömrəlik və Şərur  rayonunun Kərimbəyli kəndində 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyaları qurulmuş, Ordubad rayonunun Dəstə və Şərur  rayonunun Kərimbəyli kəndlərində poçt bölməsi yeni binaya köçürülmüşdür.

Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat dövründə muxtar respublikada 1028 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar Respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonu ərazisində Yeni Nəsil Telefon Stansiyalarının qurulması ilə bağlı mövcud 25 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları artıq demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuşdur.
Bu dövrdə 45 min 475 metr fiber-optik kabel xətti çəkilmiş, 3018 yeni abunəçi genişzolaqlı və sürətli internetlə təmin olunmuşdur.          Naxçıvan Muxtar Respublikası Dövlət Energetika  Xidmətinin , Təhsil Nazirliyinin və Şərq Qapısı qəzetinin rəsmi internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.
Nazirlik qeyd olunan dövrdə kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirmiş, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan  kompüter kursları üzrə təhsil almaq üçün 217 dinləyici olmaqla 114 qrup təşkil edilmişdir, ingilis dili kursları üzrə isə 60 dinləyici olmaqla 22 qrup yaradılmışdır. Həmçinin Naxçıvan Dövlət Universitetin informasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbələri nazirlikdə istehsalat təcrübəsi keçmişlər. Bundan əlavə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının Huawei şirkəti arasındakı əməkdaşlıq çərçivəsində muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı dördüncü proqram-layihənin seçim turu keçirilib. Proqram-layihə çərçivəsində komissiya üzvləri müsabiqədə iştirak etmiş 12 nəfər tələbədən informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan və ingilis dilində kifayət qədər özünü təqdim etmə bacarığı olan ən yaxşı 7 tələbəni seçmişdir. Seçilən tələbələr bu ilin iyul ayında Çin Xalq Respublikasının Huawei şirkətinə 2 həftəlik istehsalat təcrübəsinə göndərilmişdir. Bundan əlavə Naxçıvan Universitetində fəaliyyət göstərən İKT mərkəzində Huawei şirkətinin peşəkar mühəndislərinin iştirakı ilə bu ilin aprel və may aylarında mühazirələr təşkil edilmişdir.
 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti