“Gələcəyin İKT sahəsindəki toxumları” adlı dördüncü proqram-layihə üzrə seçim turu baş tutub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına  əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabe qurumlarında praktiki işlərə cəlb olunur, istehsalat təcrübələri keçirlər. Tələbələrin müxtəlif layihələr vasitəsilə təqaüd proqramlarında iştirakı və xaricə göndərilmələrinin təşkil edilməsi,  bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının Huawei şirkəti arasındakı əməkdaşlıq çərçivəsində muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı dördüncü proqram-layihənin seçim turu keçirilib. Proqram-layihə çərçivəsində komissiya üzvləri müsabiqədə iştirak etmiş 12 nəfər tələbədən informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan və ingilis dilində kifayət qədər özünü təqdim etmə bacarığı olan ən yaxşı 6 tələbəni seçmişdir. Seçilən tələbələr bu ilin iyul ayında Çin Xalq Respublikasının Huawei şirkətinə 2 həftəlik istehsalat təcrübəsinə göndəriləcəklər.
Çin Xalq Respublikasına istehsalat təcrübəsinə  göndərilən tələbələr pro¬qram çərçivəsində “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçəcəklər. Tələbələrin ən qabaqcıl texnologiyalar haqqında ətraflı məlumat əldə etməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılır.

 

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti