Seminar-treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Universitetində növbəti seminar-treninq keçirilib. “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim“ mövzusunda  keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetnin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” MMC-nin “Simsiz texnologiyalar” sektorunun rəhbəri İmran Bayramov 5G LTE texnologiyalarının strukturu və iş prinsipi haqqında  iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti