Tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində  Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları  ixtisasının III  kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”  27 iyul 2015-ci il tarixli  Sərəncamı ilə  bir sıra ixtisasların  rabitə və yeni texnologiyalar nazirliyinin hamiliyinə verildiyini bildirib. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.

Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda yüksək nəticələr əldə etmək üçün bu sahənin inkişafı və müasir texnologiyaların bütün sahalər üzrə tətbiqi vacib məsələrdən biridir. Sürətli və dayanıqlı inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Nazir diqqətə çatdırıb ki, ötən il Naxçıvan Dövlət Universitetini bitirmiş səkkiz məzun nazirliyin müvafiq qurumlarına işə qəbul edilib. Bundan əlavə, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz  tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat   təqaüd verilməsi təmin edilib.  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə 24 may tarixində keçiriləcək və seçilən 6 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndəriləcək. Həmçinin Huavei şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün mütəmadi olaraq seminar-treninqlər keçirilir.  Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində işlər görülür. Bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb. Bu məqsədlə nazirlik və aidiyyəti təşkilatların təklifləri əsasında startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi və təqdim ediləcək layihələri qiymətləndirəcək ekspert qrupu yaradılıb. Portalın yaradılmasında əsas məqsəd layihələri birləşdirib yaxşı ideyaları ortaya çıxarmaq olub.  Mayın 8-də  isə nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə Naxçıvan Universitetində  “İdeyadan-Biznesə” ümumrespublika  startap müsabiqəsi təşkil edilib. Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq  “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3 komanda ölkə paytaxtında keçiriləcək Milli Finala dəvət edilib. Qeyd edilib ki, Naxçıvanın “Noahland” komandası ötənilki startap müsabiqəsinin Respublika finalında 3-cü yerə çıxmışdı.
Görüşdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, nazirliyin iqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Hüsniyyə Rəcəbova, nazirliyin efirə nəzarət və radiotezliklərinin qeydiyyatı şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Əsgərli, tələbələr Aytən Seyidova və Novruzəli Novruzlu istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin tələbələrin praktiki biliklər əldə etməsində böyük əhəmiyyəti daşıdığını vurğulayıblar.

  Naxçıvan Muxtar Respublikasının Rabitə

  və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti