İnternetdə yayılmış oyunların yaratdığı təhlükələr

Muxtar respublikamızda internet istifadəcilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.

 

Uşaqların çoxu internetdə oyunlar axtarmağı çox xoşlayırlar, əsasən də aqressiv oyunlara üstünlük verirlər. Bu isə psixoloji fəsadsız ötüşmür. Bundan başqa internetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərlə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilərlər.

Qeyd edək ki, son zamanlar internetdə uşaq və gəncləri intihara sürükləyən “Mavi balina” və “Momo” adlanan təhlükəli oyunlar yayılıb.

Rusiyanın chat saytlarında oyuna girmək istəyənlərə link göndərilərək yayılan  “Mavi balina” oyununun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir.

"Mavi Balina" oyunu 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar oyunçulara verilir. Uşaqlar 49 gün ərzində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "Balina olmaq" adlanır və oyunçuya intihar etməsi əmr edilir. Çox təəssüf ki, yeniyetmələrin bir çoxu bu tələbləri yerinə yetirirlər.

Dünya miqyasında intiharlara səbəb olaraq gündəmə gələn "Mavi balina" oyununun ardınca, növbəti "internet bəlası" olan, latın Amerikasında meydan gələn və sürətli şəkildə "Watsapp" üzərindən dünyaya yayılan "Momo" oyunu uşaqlar və gənclərin həyatlarını təhlükəyə atır. Oyunun qəhrəmanı "Momo" ilə danışmaq istəyən istifadəçi öncə "whatsapp"da qeydiyyatdan keçir. "Momo" isə danışdığı istifadəçidən müəyyən tapşırıqları yerinə yetirməyi tələb edir. Oyun vasitəsilə insanların şəxsi bilgiləri ələ keçirilir, daha sonra şantaj edilərək müxtəlif işgəncə üsullarını həyata keçirməyə məcbur edilir. Oyun isə intiharla nəticələnir.

Dünyanın bir neçə ölkəsində bu oyunlar vasitəsilə özünə xəsarət yetirən uşaqlar və gənclərin sayında artım var. Adətən, sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, “link”lər vasitəsilə yayılan və bəlli bir mənbəyi olmadığına görə bu oyunların qarşısını almaq o qədər də asan deyil.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə belə təhlükələrdən uzaq olmaları üçün aşağıdakı qaydalara riayyət etmələrini tövsiyyə edir:

 -Valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməli;

           -Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməli;

-Valideynlər sosial şəbəkədə övladlarının dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalı;

Unutmayaq ki, uşaqları internetdəki təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər görmək olar, lakin heç bir texnoloji məhdudiyyət uşaqların internetdə nə ilə məşğul olmasına ən sadə valideyn nəzarətini əvəz edə bilməz.

            Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar Nazirliyi

Elektron Təhlükəsizlik Mərkəzi