“Mavi Balina” oyununun yaratdığı təhlükələr

İnformasiya təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən ən əsası istənilən tipli məlumatın praktik olaraq maneəsiz yayılmasına şərait yaradan qlobal internet mühitinin inkişafıdır. Muxtar respublikamızda internet istifadəcilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Bir çoxları, xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.

 İnternet uşaqlara oyunlar, filmlər, musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin, bu imkanlar bir sıra arzu edilməyən hallarda da müşaiyət olunur. Belə ki, internetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərlə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilərlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat mübadiləsi zamanı, müxtəlif oyunlarda, chatlarda, forumlarda və elektron poçtlar vasitəsilə təmas qururlar.

Uşaqların çoxu internetdə oyunlar axtarmağı çox xoşlayırlar, əsasən də aqressiv oyunlara üstünlük verirlər. Bu isə psixoloji fəsadsız ötüşmür.

Qeyd edək ki, son zamanlar internetdə “Mavi balina” adlanan daha bir təhlükəli oyun yayılıb. Bir çox ölkələrdə yayılan, daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən bu oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "Ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlamışdır. Bu oyun səbəbindən ilk intihar hadisəsi 2015-ci ildə qeydə alınıb. Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi 21 yaşlı Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən "Ən azı 16 uşağı intihara təşviq etmək" ittihamı ilə həbs olunan Budeykin, "Cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirmişdir. O, intihara meylli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham olunur.

Oyunun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Rusiyanın chat saytlarında oyuna girmək istəyənlərə link göndərilir.  Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir.

"Mavi Balina" oyunu 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar oyunçulara verilir. Oyunun bəzi mərhələlərində məktəbli uşaqlara "Əl biləyinə və ya ayağına iti cisimlə balina çək" və ya "Damarlara yaxın bölgələri kəs" tapşırıqları verilir. Bəzən isə sübh saatlarında yuxudan oyandırılan oyunçu qorxulu video çarxları izləyir. Uşaqlar 49 gün ərzində 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "Balina olmaq" adlanır və oyunçuya intihar etməsi əmr edilir. Çox təəssüf ki, yeniyetmələrin bir çoxu bu tələbləri yerinə yetirirlər.

Türkiyə, Rusiya və digər ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Bu oyun artıq Azərbaycanda da yayılmağa başlayıb. Bu oyunlar, adətən, sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, “link”lər vasitəsilə yayılır. Bu oyunların bəlli bir mənbəyi olmadığına görə onların qarşısını almaq o qədər də asan deyil. Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə mütləq tədbir görməlidirlər. Rusiya, Türkiyə kimi qonşu və eləcə də, dünyanın müxtəlif ölkələrində ümumilikdə 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. Valideynlər övladlarının “Mavi balina” oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə belə təhlükələrdən uzaq olmaları üçün aşağıdakı qaydalara riayyət etmələrini tövsiyyə edir:

 -Valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməli;

          -Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməli;

-İnternetdə naməlum şəxslərlə yaxın münasibət qurulmaması, onların şübhəli şəxs ola bilmə ehtimalının yüksək olması və belə münasibətlərin təhlükəli nəticələrə səbəb ola biləcəyi mövzusunda uşaqlarla müntəzəm söhbət edilməli;

-Valideynlər sosial şəbəkədə övladlarının dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalı;

-Antivirus proqramından istifadə edilməlidir;

Qeyd edək ki, müasir brauzerlərin, eləcə də bəzi antivirus proqramların sonuncu versiyalarında azyaşlı istifadəçilərlə bağlı tədbirlər var ki, bu da əsas şübhəli saytlara birbaşa keçidləri blok edir.

Unutmayaq ki, uşaqları internetdəki təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər görmək olar, lakin heç bir texnoloji məhdudiyyət uşaqların internetdə nə ilə məşğul olmasına ən sadə valideyn nəzarətini əvəz edə bilməz.

 

Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar Nazirliyi

Elektron Təhlükəsizlik Mərkəzi