“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

    Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

     Naxçıvan Dövlət Universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov seminarı açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar Respublika rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan rektor startapın inkişafı üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

       Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, həyatımızın bütün sahəsində innovativ həllərin tətbiqinin zəruri  olduğu bir dövürdə İdeyadan Biznesə Startap layihəsinin həyata keçirilməsi çox uğurlu təşəbbüsdür. Bu layihə ölkəmizdə milli startap infrastrukturunu inkişaf etməsinə, yeni biznes inqubatorların yaradılmasına kömək edəcək və startapçılar arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir. Layihə tələbələrin yaradıcı düşünmə, yeni ideyaların ortaya çıxarılması, mövcud məsələlərə fərqli yanaşma üslübü kimi potensiallarının üzrə çıxarılmasında mühüm rol oynayacaqdır.

 

      Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmin nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Azercell” və “Microsoft” şirkətlərinin təşkilatçılığı ilə həyata keçirilir.

     Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Nazim Cəfərli, Rahim İbrahimli, Hüseyn Əsgərli slaydlar vasitəsilə “İdeyadan biznesə” layihəsi barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.  

     Sonda tədbir iştirakçılarının ­sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici   broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti