Poçt şöbələrində pensiya ödənişlərinin avtomatlaşdırılması başa çatdırılıb

  Bu gün bütün sahələrdə olduğu kimi, poçt sahəsi də dövlətimiz tərəfindən yüksək qayğı ilə əhatə olunub. Muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili məqsədilə muxtar respublikda həyata keçirilən tikinti quruculuq işləri nəticəsində poçt sahəsinin maddi-texniki bazası  möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir.

“Naxçıvanpoçt” MMC əhaliyə yüksək səviyyəli xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb. Nəticədə, pensiyaçılar vaxta və vəsaitə qənaət edərək öz pensiyalarını  muxtar respubliklanın istənilən poçt şöbə və bölmələrindən asanlıqla ala bilirlər. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə Naxçıvanpoçt MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatın hazırlanması başa çatdırılmış və fevral ayının 1-dən istifadəyə verilmişdir.  Pensiyasını poçt məntəqəsindən almaq istəyən vətəndaşlar  müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər. Yeni xidmətdən istifadə edənlərin sayı gündən-günə artır. Artıq muxtar respublikada pensiya alanların sayı 398 nəfərə qədər və məbləği 80000 manatdan çoxdur. Pensiyaların vətəndaşlara çatdırılması işinin asanlaşdırılması, dövlətimizin əmək adamlarına göstərdiyi qayğının daha bir nümunəsidir.
     Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti