Muxtar respublikada rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsindədir

   Artıq 12 ildir ki, ölkəmizdə dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi qeyd olunur. Rabitəçilərin peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub. Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulmuşdur. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə rabitənin inkişafı müasir dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, sahə üzrə mütəxəssislərin hazırlanması üçün müasir təhsil müəssisələri qurulmuşdur. Hazırda qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində ölkəmiz ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.

Naxçıvan Muxtar Respublikasında muxtar respublika rəhbərliyinin qayğısı ilə əhatə olunmuş rabitə və yeni texnologiyaların inkişafı da daim diqqət mərkəzində saxlanılır. Hər il muxtar respublikada həyata vəsiqə alan onlarla yeni layihələr arasında rabitə və yeni texnologiyalara aid layihələr də mühüm yer tutur. Belə ki, bu ilin iyul ayının 27- də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Ordubad rayonu ərazisində yeni nəsil telekommunikasiya sisteminin və Ordubad şəhərində yeni tikilən “Rabitə Evi”nin açılışı olmuşdur. Layihə çərçivəsində Ordubad rayonu ərazisində ümumi montaj tutumu 11344 nömrə tutumu olan 35 ədəd yeni nəsil telefon sistemi qurulmuş, Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında 10 GB/s tutmulu müasir telekommunikasiya şəbəkəsi yaradılmışdır. Bu ilin sentyabr ayının 15-də isə İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılışda iştirak etmişdir. İki mərtəbədən ibarət binada əsas və ehtiyat magistral kabel xətlərinin və ərazi üzrə 16 avtomat telefon stansiyasının fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radio-rele linklərin modemləri quraşdırılmışdır. Hər il muxtar respublika ərazində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrininə, dövlət təşkilatlarına onlarla km fiber optik xətlər çəkilir və bu xəttlər üzərində iri tutumlu telekommunikasiya şəbəkələri qurulur. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1527 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Son iki ildə Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmiş və muxtar respublikaya daxil olan internet kanalının həcmi iki dəfə artırılmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98,6 faizində genişzolaqlı, 99,5 faizində isə mobil internet xidmətləri göstərilir. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar yaradılmış “Elektron hökumət” portalının imkanları ildən ilə inkişaf etdirilir. “Bir pəncərə” prinsipi əsasındafəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazir¬liyi tərəfindən 100-dən artıq dövlət və ictimayi təşkilata elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazır¬lanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Bunun üçün İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncama uyğun olaraq,muxtar respublikada elektron təhsil infrastrukturunun inkişafı vətəhsildə yeni texnologiyaların tətbiqi daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri və elektron lövhələr quraşdırılaraq internetə qoşulması təmin edilir. 2018-ci ilin 11 ayı ərzində təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün 2014-ci ildə qurulan distant təhsil sisteminə qoşulmuş müzeylərə daha ikisi əlavə edilmiş, istifadəyə verilən səkkiz təhsil müəsissəsinin fiber optik əsaslı interaktiv təhsil sisteminə qoşulması təmin edilmişdir. Hazırda muxtar respublika üzrə 236 təhsil müəssisəsi, 17 muzey “Distant Təhsil Sistemi”nə qoşulmuşdur. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan “Distant Tədris Mərkəzi”nə daimi texniki xidmət nazirliyin mühəndisləri tətəfindən təmin edilir, hazırda bu sistemə qoşulması təmin edilən öyrəncilərin sayı 22, audio kitabxanadan istifadə edənlərin sayı isə 352 nəfərdir. Muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt şöbəsi, 7 rayon poçt filialı və 177 poçt bölməsi fəaliyyət göstərir. 164 poçt bölməsi “Naxçıvanpoçt”un məlumat hesablama mərkəzinin şəbəkəsinə qoşulub. Poçt məntəqələrində ənənəvi poçt xidməti ilə yanaşı telefon haqlarının, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiyə Fondunun ödənişlərinin, Finca Qeyri Bank Kredit Təşkilatınin kredit borclarının, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və sairə kimi təşkilatın ödənişlərinin qəbulunu poçt məntəqələrində həyata keçirmək təmin olub. Bu ilin əvvəlindən isə əmək pensiyalarının poçt məntəqələrində paylanmasına başlanıb. Hazırda bu xidmətdən pensiya alanların sayı 309 nəfərdir. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 172 ədəd POS terminal qoyulub. Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalar sahəsində əldə edilən uğurlardan biri də 2016-cı ilin oktyabr ayında istifadəyə verilən 4-cü nəsil mobil rabitə sistemidir. Hazırda bu texnologiyadan istifadə edənlərin sayı qırx min nəfərə yaxındır. Naxtel mobil operatorunun Azərbaycan Respublikası daxilində milli roming əlaqələri, yeddi xarici ölkə operatorları ilə isə beynəlxalq rominq əlaqələri təmin edilib və bu işlər davam etdirilir. Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində 12 tele¬viziya və 9 radionun rəqəmsal yayımı təmin edilmişdir. Azərbaycan Respublikasında ilk dəfə teleradio kanallarının bir tezlik üzərindən yayımını təmin edən SFN texnologiyası Naxçıvan Muxtar Respublikasında tətbiq olunub. Peşə bayramlarını qeyd edən muxtar respublikanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublika sakinlərinə nümunəvi rabitə xidmətinin göstərilməsi istiqamətində səylə çalışacaqlar. Çünki muxtar respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər informasiya cəmiyyətinə inteqrasiyanı sürətləndirməklə yanaşı, həm də insanların rahatlığının təmin olunmasına istiqamətlənmişdır.