Oktyabr ayında 643 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ilin oktyabr ayında davam etdirilmişdir.
Ötən dövrdə Aşağı Buzqov rabitə evində 256, Yuxarı Buzqov rabitə evində 96 yerlik yeni nəsil Avtomat Telefon Stansiyası qurulmuş, Aşağı Buzqov kəndində poçt bölməsi yeni binaya köçürülmüş, Yuxarı Buzqov kəndində isə yeni poçt bölməsi yaradılmışdır. Poçt bölmələrində işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 177 yeni telefon nömrəsi istismara verilmişdir.
Şərur rayonunun Qarxun, Babək rayonunun Nəzərabad və Sədərək rayon mərkəzi Avtomat Telefon stansiyalarının hər birinə 32 portluq internet platası əlavə edilmiş, Babək rayonunun Nəzərabad kənd Avtomat Telefon Stansiyasında isə 32 portluq internet platası quraşdırılmışdır.
Oktyabr ayında muxtar respublika ərazisində, ümumilikdə, 2430 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 643 yeni abunəçi internetlə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti