Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyaları, eləcə də radio və televiziya  sahəsi müasir beynəlxalq standartlara uyğun şəkildə inkişaf edir.

Qeyd etmək lazımdır ki, muxtar respublika ərazisində müşahidə etdiyimiz  inkişaf prosesinin dolğun şəkildə əhaliyə çatdırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu vardır. 

Son illər  Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya şəbəkələrinin tətbiqi və inkişafı baxımından böyük layihələr həyata keçirilmiş və uğurlu addımlar atılmışdır.

Belə ki, rəqəmsal formatlı televiziya proqramlarının yayım əhatə dairəsinin genişləndirilməsi, efir məkanında keyfiyyətli və dayanıqlı yayımın təmin olunması üçün Naxçıvan MR Radio və Televiziya Ötürücü Mərkəzi  tərəfindən ardıcıl  tədbirlər həyata keçirilmiş, monitorinqlər aparılmış, 50 ədəd rəqəmsal verici vasitəsi ilə muxtar respublikamızın yaşayış məntəqələri demək olar ki, 100% DVB-t standartlı  rəqəmsal televiziya yayımı ilə təmin olunmuşdur.

Radio və Televiziya Ötürücü Mərkəzin rəqəmsal yayımın təşkili ilə əlaqədar gördüyü işlər barəsində danışarkən burada üç mərhələni xususilə qeyd etmək lazımdır.

I mərhələdə 12 TV proqramından ibarət rəqəmsal yayım paketinin stansiyalara göndərilməsi üçün optik tranzmissiya şəbəkəsi qurulmuş, muxtar respublika ərazisində SFN sinxronlaşdırılmış tək kanallı şəbəkə qurularaq   Radio və Televiziya Ötürücü Mərkəzinə məxsus Duzdağ, Dəstə, İbadulla, Gülüstan və Külüs TV verici stansiyalarında rəqəmsal yayım təmin olunmuşdur. Aparılmış monitorinqin nəticələrinə görə I mərhələdə muxtar respublika ərazisi 74% rəqəmsal yayımla əhatə edilmişdir.

II mərhələdə Radio və Televiziya Ötürücü Mərkəzi və Ukrayna Respublikasının "Kvant-Efir" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış 30 ədəd DVB-T standartlı verici muxtar respublikanın yaşayış məntəqələrində montaj edilmişdir.

III mərhələdə yenə də Radio və Televiziya Ötürücü Mərkəzi və Ukrayna Respublikasının "Kvant-Efir" MMC arasında bağlanmış müqaviləyə əsasən 13 ədəd reqəmsal verici alınaraq muxtar respublika ərazisində montaj edilmişdir. Bununla da muxtar respublika ərazisi 100% rəqəmsal yayımla əhatə edilmişdir. Görülmüş işlərin nəticəsi olaraq 10 dekabr 2014-cü ildə muxtar respublika ərazisində analoq yayım tamamilə dayandırılmışdır. Analoq yayımda müşahidə edilən problemlər SDI formatlı rəqəmsal yayımla aradan qaldırılmışdır.

Bəli, muxtar respublikamız mürəkkəb coğrafi şəraitə malikdir. Təbii ki, bu da rəqəmsal şəbəkənin layihələndirilməsində müəyyən obyektiv çətinliklər yaradır. Lakin, buna baxmayaraq  Naxçıvan MR ərazisində maneəsiz olaraq rəqəmsal yayımın təşkili  üçün bütün zəruri tədbirlər görülmüşdür.

Naxçıvan MR-da elə kəndlər var ki, doğrudanda, bu kəndlər çox mürəkkəb ərazilərdə yerləşir. Şərur rayonunun Şahbulaq və Şahbuz rayonunun Kükü  kəndlərinə rəqəmsal yayım paketi fiber-optik tranzmissiya üzərindən ötürülmüşdür. Bu da yüksək texnoloji nəaliyyətlərin ucqar bölgələrdə belə tətbiqinin bariz nüminəsidir.

Bele ki, 10 radio dalğası muxtar respublikamızın ərazisində rəqəmsal paketin daxilində dinləyicilərə təqdim edilir. Bununla televiziya paketinin tərkibinə daxil olan digər TV proqramları ilə yanaşı  radio programlarının da Naxçıvan MR üzrə yüksək keyfiyyətli və dayanıqlı yayımı təmin olunur.

Naxçıvan Muxtar Respublikası ərazisində DVB-T standartlı  rəqəmsal televiziya və FM  bandlı radio proqramlarının yayım keyfiyyətinin yoxlanılması məqsədi ilə periodik olaraq monitorinqlər həyata keçirilir.

Ötən il Naxçıvan şəhər ATS-ində Harmonik firmasının istehsalı olan Harmonik Prowiev 7100 tipli  İRD-lər, Harmonic Ellipse 2900 tipli encoderlər  və Harmonic Prostream 3100 tipli multiplekserlər quraşdırılaraq montaj olunmuşdur ki, bunun da sayəsində Naxçıvan Dövlət Televiziyasının P və İnternet Televiziyaları üzərindən 1080 50 i HD formatında  yayımı təmin olunmuşdur.

Beləliklə, Naxçıvan Dövlət Televiziyasının izləyicilərə daha yüksək keyfiyyətlə təqdimatında  yeni bir səhifə açılmışdır.

Naxçıvan Muxtar Respublikası Radio və Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyət göstərən Radio və Televiziya Verilişləri Redaksiyası "Kanal-35" televiziyası və “Naxçıvanın səsi” radiosunun maddi-texniki bazalarının gücləndirilməsi  üçün Mərkəz tərəfindən lazımı tədbirlər həyata keçirilir.

İstər "Kanal-35" televiziyasının izləyici, istərsə də “Naxçıvanın səsi” radiosunun  geniş dinləyici  auditoriyasına malik olması üçün  efirdə əhali marağı nəzərə alınaraq daim  yeni layihələr həyata keçirilir.

Kanal-35 televiziyasında  “Riyaziyyat”, “Kimya”, “Kompüter”, “Fizika”, “Azərbaycan ədəbiyyatı”, "Azərbaycan tarixi",  “İngilis dili” adlı yeni tədris proqramları və “Ali məktəblərə” hazırlıq verilişi hazırlanaraq izləyicilərə təqdim olunur.

“Naxçıvanın səsi” radiosunda  “Qadın dünyası”, “Gənclik”, “Vətən oğulları”, “Elektron cəmiyyət”, “Aktual söhbət”, “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı”, “Turizm”, “Mütaliə saatı”, “Sosial həyat”, “Sağlam yaşam”, “Təhlükəsiz yol”, "Naxçıvan kəndləri", "Hüquqlarımızı bilək"  və s. layihələr hazırlanaraq dinləyicilərə təqdim olunur.

Dinləyici tələbatını ödəmək, insanlara daha keyfiyyətli xidmət göstərmək, onlarla daimi ünsiyyət yaratmaq məqsədilə radionun müxtəlif sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir.

Eyni zamanda efirdə yayımlanan konsert proqramlarının rəngarəngliyi diqqətdə saxlanılır,  yeni  konsert proqramları,  yeni  ifaların toplanması ilə  radionun  arxivi mütəmadi olaraq   zənginləşdirilir.