Rabitə və informasiya sistemlərinin in­kişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafın­da bu sahənin rolunu daha da artırmışdır. Nax­çıvan Muxtar Respublikasında Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaranmasından ötən dövr ərzində əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəy­yənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiya­ların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olun­muş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekom­munikasiya şəbəkələri istifadəyə verilmişdir. Muxtar respublikada Yeni Nəsil Texno­logiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələdən ibarət layihə başa çatdırılmışdır. Belə ki, 4-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN (New Generation Network) avadanlıqları quraşdırılmış, telekom­munikasiya şəbəkəsi üzrə sabit telefon nömrələ­ri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazır­da telefon istifadəçilərinin 86 faizinə Yeni Nəsil Telefon Stansiyaları vasitəsi ilə xidmət olunur. Naxçıvanda optik kabel xətlərinin tikin­tisinin geniş şəkildə həyata keçrilməsi, böyüktu­tumlu və keyfiyyətli rabitə əlaqələrinin qurulması­na imkan vermişdir. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi bey­nəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit tele­kommunikasiya imkanları genişlənmişdir. Hazır­da muxtar respublikada fiber-optik kabel xətlə­rinin ümumi uzunluğu 1527 kilometdir. Bu da muxtar respublikada rabitə əlaqələrinin kə­sintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və di­gər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi həmçinin fər­di mənzillərə optik kabelin çəkilməsinə imkan vermişdir. Hazırda Naxçıvan şəhərində “Evədək optika” layihəsi həyata keçirilir.

Muxtar respublikada rabitə sahəsindəki sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkil­məsi, yüksəksürətli telekommunikasiya şəbəkələ­rinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yarat­mışdır. Hazırda “Naxçıvanpoçt” Məhdud Mə­suliyyətli Cəmiyyəti bir mərkəzi, yeddi filial və 177 poçt bölməsi ilə muxtar respublikada müasir poçt xidmətləri təqdim edir. Poçt məntəqələrin­də ənənəvi poçt xidmətləri ilə yanaşı, bütün növ xidmət haqlarının yığılması da təmin edilmişdir. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiy­yətinin kompüter şəbəkəsinin Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yı­ğılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının SMART sayğaclarla də­yişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qurul­muş, Naxçıvan şəhərindəki poçt bölmələri yeni kompüter və kart oxuyucular ilə təmin edilmişdir.

Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış, “Naxçı­vanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin ra­yon filiallarında elektron imza kartının verilməsi təşkil edilmişdir.

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtmiş Əşyaların Sahi­binə Çatdırılması Xidməti” fəaliyyət göstərir. “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cə­miyyətinin www.naxcivanpoct.az internet say­tında xüsusi bölmə yaradılmış, 225 qısa nömrəli qaynar xətti istifadəyə verilmişdir.

Ötən dövrdə İnternet və Yeni Texno­logiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, muxtar res­publikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınmışdır. Həmçinin IP ünvanların çatışmazlığı aradan qaldırılmış, Türkiyə Respub­likasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmışdır. Hazırda muxtar res­publikaya daxil olan internet kanalının həcmi 8 Gigabit/saniyədir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respubli­kasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elekt­ron hökumət” portalı yaradılmış, “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilmişdir. Elektron xidmət­lərin onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçmə­si avtomatlaşdırılmış və portalın təhlükəsizli­yi ilə əlaqədar tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Tex­nologiyalar Nazirliyi tərəfindən 90-dan artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələr­arası Elektron Sənəd Dövriyyəsi Sistemləri istis­mara verilmişdir. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulmuş, mərkəzi server avadan­lıqları alınmış və müvafiq proqram təminatı hazır­lanmış, 96 təşkilatın sistemə qoşulması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Mə­clisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulması təmin edilir. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçrilmə­si üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti is­tifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçirilməsinə başlanmışdır. Hazırda muxtar respub­lika üzrə 236 təhsil, elmi müəssisə və 18 muzey distant təhsil sisteminə qoşulmuşdur.

Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində DVB-T standartlı rəqəm­li radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından muxtar respublika ərazisində analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə rəqəmli televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində DVB-T standartında 12 televiziya kanalının və 10 radio dalğasının rəqəmli formatda yayımı təmin edilmişdir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmli tele­viziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Naxçıvan Dövlət Televiziyasının yüksək keyfiyyətli HD formatda efirə çıxışı təmin edilmişdir. Dünyanın ən böyük telekommunikasiya nəhənglərindən olan Çin Xalq Respublika­sının Huawei şirkəti ilə Naxçıvan Muxtar Res­publikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında ötən 16 ildə səmərəli əməkdaşlığın qu­rulması Naxçıvanda informasiya kommunikasiya texnologiyalarının inkişafına əhəmiyyətli dərəcə­də təkan vermişdir. Nazirliyin Huawei şirkəti ilə əməkdaşlığı Naxçıvan Muxtar Respublikasında internet provayder xidmətinin təşkil edilməsi ilə bağlı 2002-ci ildə A8010 avadanlığının alınma­sı üçün bağlanmış ilk müqavilə ilə başlanmışdır. İndiyə kimi Naxçıvan Muxtar Respublikası Ra­bitə və Yeni Texnologiyalar Nazirliyi və Huawei şirkəti arasında ümumi dəyəri 20 milyon ABŞ dollarından artıq olan 34 müqavilə imzalanmış­dır. 2006-cı ildə Huawei şirkətinin istehsalı olan 27 baza stansiyası və mərkəzi idarəetmə sistemindən ibarət olan CDMA simsiz telefon ra­bitə sistemi istismara verilmişdir. Bundan son­rakı mərhələdə şəbəkə üzərində simsiz internet xidməti yaradılmışdır. Əhəmiyyəti və aktuallığı nəzərə alınaraq layihə Azərbaycan Layihələrin idarə edilməsi Assosasiyası və “İT maqazin” jur­nalının təsis etdiyi İKT üzrə “İntellekt-2007” mükafatına layiq görülmüşdür. 2009-cu ildə Naxçıvanda mövcud tele­fon sisteminin Yeni Nəsil Telekommunikasi­ya sisteminə keçirilməsi ilə bağlı 4 mərhələdən ibarət çərçivə müqaviləsi bağlanmış, əsas və eh­tiyyat idarəetmə sistemi, 10 Gb/s transmissiya şəbəkəsi, 139 avtomat telefon stansiyası və 112 192 portdan ibarət telefon şəbəkəsi istifadəyə verilmişdir.

Naxçıvanda rabitə və yeni texnologi­yaların inkişafı sahəsində görülən işlərin davamı olaraq 2016-cı il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə ver­ilmişdir. 4-cü nəsil mobil rabitə sistemi məlumat­ların alınması və ötürülməsi üçün özündən əvvəl­ki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir. Şirkətin sponsorluğu ilə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Müəllim­lər İnstitunun Naxçıvan Muxtar Respublikası Ra­bitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmiş ixtisasları üzrə təhsil alan tələbələrinin “Huawei” şirkətinin Şenjen şəhərindəki Yay Təlim Mərkəzində istehsalat təcrübəsində iştirakı təmin edilib. 2016-cı ildə altı, 2017-ci il isə on iki tələbə Çinə istehsalat təcrübəsinə göndərilmişdir. Növbəti illərdə də tələbələrin İKT biliklərinin artırılması üçün belə tədbirlərin davam etdirilmə­si nəzərdə tutulur.

2017-ci il martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Huawei şirkətinin Baş vitse-prezidenti xanım Amy Lin ilə Ali Məclisdə görüşü zamanı əmək­daşlığın yüksək səviyyəsi və bundan sonra da münasibətlərin davam etdirilməsində tərəflərin maraqlı olduqları bir daha qeyd olunub.